Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Ermənistanın sabiq prezidenti Robert Köçəryan korrupsiya ittihamları ilə saxlanılıb. Belə ki, onun prezidentliyi dövründə Azərbaycanla bağlı Qarabağ siyasətində də mühüm rolu olub. Köçəryanın adı işğal dövründə Azərbaycana qarşı həyata keçirilən siyasət və ağır hadisələrlə bağlı tez-tez hallanıb. Bu səbəbdən onun həbsi Azərbaycanda da diqqətlə izlənilir. İndi cəmiyyətdə bir sual yaranır: Köçəryan Azərbaycana təhvil verilə bilərmi?
Məsələ ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, Ermənistanda keçmiş prezident, Qarabağ canisi Koçaryanın həbsi çox ciddi rezonans doğuran bir hadisədir və Paşinyan da seçki kampaniyası dövründə öz rəqibləri ilə haqq-hesab çəkəcəyini bəyan etmişdi:
"Gördük ki, bu proses davam edir. Onun əsas rəqibləri Koçaryan, Sarkisyan və Karapetyan da həbsdədirlər. Nəzərə alsaq ki, həm Koçaryan, həm də Sarkisyan keçmiş prezidentlərdir, Azərbaycan tərəfindən onların məsuliyyətə cəlb edilməsi tələb olunur. Onlar haqqında cinayət işləri qaldırılıb. Azərbaycan cəmiyyətində də belə bir istək var ki, bu şəxslər nə vaxtsa törətdikləri əməllərə görə Azərbaycanda mühakimə olunsunlar və layiq olduqları cəzaya çatsınlar. Bu, əlbəttə ki, Azərbaycan cəmiyyətinin istəyidir. Amma hazırda Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər normallaşmayıb, sülh müqaviləsi imzalanmayıb və digər hüquqi prosedurlar həyata keçirilməyib".
Müsahibimizin qənaətincə, yaxın bir neçə ildə Koçaryan, Sarkisyan və digər şəxslərin Azərbaycana təhvil verilməsi məsələsi real görünmür.
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)


