Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir” Featured

Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

 

Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: 

 

“Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir.

Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”.

Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib:

“Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.