Fərasət Babazadə,
NDU-nun Filologiya ixtisası üzrə IV kurs tələbəsi.
“Ədəbiyyat və incəsənət”
9 Avqust Beynəlxalq Kitabsevərlər günüdür. Bu gün ilk dəfə Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq “Milli Kitab Günü” kimi qeyd olunmağa başlamış, zamanla milli sərhədləri aşaraq dünyanın bir çox ölkəsində “Kitabsevərlər Günü” adı ilə qeyd edilmişdir. Bu gün artıq təkcə ABŞ-ın deyil, bütün oxucuların, yazıçıların, şairlərin, nəşriyyatçıların, müəllimlərin, kitabxanaçıların və kitabın sehrinə könül verənlərin bayramıdır. Çünki kitab təkcə yazılan deyil, eyni zamanda oxunan, başa düşülən və yaşanandır. Kitablar yalnız müəllifləri tərəfindən yox, ən çox da oxucuların nəfəsi ilə canlı qalır.
Kitabsevərlər Günü əslində bir təşəkkür günüdür – sözü sevənə, səhifə çevirərkən zamanını unudana, bir cümlə ilə ömür boyu yaşamağı bacarana, qaranlıqda bir kitab işığı ilə yön tapana edilən minnətdarlıqdır. Bu gün biz təkcə kitabları yox, özümüzdəki ən gözəl hissəni – düşünməyi, xəyal etməyi və anlamağı da qeyd edirik. Kitabsevər olmaq, bəlkə də həyatda hər şeydən əvvəl bir həyat tərzidir. Bu tərzdə nə var-dövlətə ehtiyac var, nə də şöhrətə burada yalnız kağız qoxusu və içində yaşayan minlərlə obraz var.
Bəzi günlər vardır ki, təqvimdə bir tarixdən daha artıqdır. 9 Avqust da məhz belə günlərdəndir. Bəzən biz oxuduğumuz bir romanla həyata dözür, bir esse ilə düşünməyi öyrənir, bir şeirlə ağlayırıq. Bəzən bir cümlə bizi dəyişdirir, bəzən bir kitab bütün həyatımızı. Bu gün bizi dəyişdirən o sözlərin günüdür. Yazıçılar həmin sözləri yazarkən bəlkə də heç bilmirdilər ki, illər sonra kimsə o cümləni ürəyində pıçıltı kimi gəzdirəcək. Amma biz bildik, çünki oxuduq.
Kitabsevərlər Günü, əlbəttə, bir təqvim günü deyil. Bu günü sevdiyimiz bir insana, kitab oxumayan birinə ya da kitaba çox marağı olan kimsəyə kitab hədiyyə edərək də qeyd edə bilərik.
Bütün bunları düşünərkən bir suala da cavab tapmağa çalışırıq: Bəs niyə sevirik kitabları? Çünki bəlkə də dünyada bizə yalan danışmayan tək dost onlardır. Susurlar, amma susduqları qədər danışırlar. Heç vaxt getmirlər, biz onları tərk etsək belə, qayıtdığımız yerdə bizi gözləyirlər. Onlar bizim qaranlıq tərəflərimizə işıq salır, bilmədiklərimizi öyrədir, gördüklərimizi anlamamıza kömək edir. Hər kitab – başqa bir dünyanın xəritəsidir. Kitabsevər isə – bu xəritədə yolunu itirməkdən qorxmayan kəşfiyyatçıdır.Bir kitabı bağlaya bilərsən, amma içində açılmış qapılar qalır. 9 Avqust – o qapıların günüdür.
Kitabı sevən bir xalq – onu yazan və onu anlayan bir xalqdır. Amma bu sevgi birdən doğulmur. Onun üçün uzun və bəzən ağrılı yollar keçmək lazım gəlir. Azərbaycanda da kitabsevərlik bir gündə yaranmayıb. Onun kökü maarifçilik dövrünə, xalqın öz qaranlığına işıq axtardığı illərə gedib çıxır. Bizi kitabla görüşdürən ilk sətirlər, ilk çap, ilk məktəblər – bunlar milli yaddaşımızın əbədi ünvanlarıdır.
Uzun müddət Azərbaycanda məscidlər dini məktəblər, mollaxanalar fəaliyyət göstərirdi və bu yerlər də daha çox əzbərçi təlimlə yetinirdi. Amma dəyişiklik baş verirdi. Maarifçilik dövrü xalqın öz qapalı dünyasından çıxaraq irfana, elmə, oxumağa doğru bir can atımı idi. Bu dövrün təməlini isə məktəblər qoyurdu.
Azərbaycanda ilk dünyəvi məktəblər XIX əsrin birinci yarısından etibarən açılmağa başladı. Bu məktəblər uşaqlara təkcə oxumağı deyil, düşünməyi, öyrənməyi, araşdırmağı da öyrədirdi. Artıq xalq savadlanmağa başlayırdı. Qələm təkcə şairlərin deyil, sadə insanların da əlinə keçirdi. Və bu zamanlar xalqın ruhuna su səpilirdi. Bu su isə söz idi.
Söz demişkən, ilk Azərbaycan kitabı hələ XVI əsrin sonlarında – 1594-cü ildə böyük alim Nəsrəddin Tusinin “Təhriri Oqlidis” adlı əsəri ilə tarixə düşmüşdü. Həmin kitab Romada, "Mediçi" mətbəəsində ərəb dilində çap edilmişdi. Bu, o dövrdə nəinki Azərbaycan, hətta İslam dünyasında elmi düşüncənin parlaq nümunəsi sayılırdı. 1657-ci ildə isə bu əsər artıq Avropaya yol alaraq latın dilində Londonda nəşr edildi. Beləcə, azərbaycanlı düşüncə ilk dəfə Qərb dünyasına qapı açdı.
Amma Azərbaycanda çap kitabı yalnız 1818-ci ildə doğma torpaqda nəfəs aldı. Mirzə İsa Qaimməqamın fars dilində yazdığı “Cihadiyyə” əsəri bu baxımdan ilk idi. O, Azərbaycanın parçalanmasından bəhs edir, bir xalqın başına gətirilən ağrıların salnaməsini yazırdı. Bu kitab, sadəcə bir tarixi mətn deyildi – o həm də çapçılıq sənətinin Azərbaycan torpaqlarında ilk addımı idi.
Çap dəzgahları da, sözün sirli aləmini kağıza köçürən bu zəhmətkar alətlər, ilk dəfə XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdı. Daha sonra 1830-cu ildə Şuşada mətbəə fəaliyyətə başladı. Bu mətbəələr, sonralar təkcə kitab deyil, düşüncə çap edəcəkdi.
Və nəhayət, xalq maarifçiliyi öz zirvəsinə doğru addımlayırdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai həyatı yeni bir nəfəs aldı. Bu nəfəsin içində bir insan var idi – Həsən bəy Zərdabi. O, böyük çətinliklər bahasına da olsa, hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə icazə aldı. 1875-ci ildə bu qəzet işıq üzü gördü. Amma o, sadəcə qəzet deyildi. O, bir xalqın danışan dili, oxuyan gözü, düşünən beyni idi. “Əkinçi” xalqın içində oxumağa qarşı istək oyatdı. Bu qəzetlə bərabər, kitabsevərlik də cəmiyyətin ürəyində kök salmağa başladı.
Beləcə, kitab Azərbaycanın tarixində yalnız bir əşya deyil, bir ruh kimi yer aldı. Hər çap olunan kitab – bir iz, hər oxunan sətir – bir cığır oldu. Maarifçilik, təkcə məktəb açmaq deyildi – o, bir insanı, bir xalqı ayıltmaq, ona öz sözünü öyrətmək idi. Və bu söz – “kitab”la başladı.
Sabahattin Alinin “Kürk Mantolu Madonna” romanında Raif Əfəndi obrazının dillərindən süzülən bu cümlə – “Bir kitabı oxuyarkən keçən iki saatın ömrümün bir çox illərindən daha dolu, daha əhəmiyyətli olduğunu anlayanda, insan həyatının qorxunc heçliyini düşünüb, ümidsizlik içində qalırdım” – əslində, təkcə bir şəxsin yox, bütöv bir kitabsevərin içindəki sükutu dilləndirir.
İnsan həyatının öz axarında necə boş, səssiz və ruhsuz keçə biləcəyini hiss etdiyimiz anlar olur. Amma bir kitab – iki saatlıq bir oxu – o həyatın illərlə verə bilmədiyi dərinliyi, mənanı, titrəyən duyğunu bizə bəxş edir.
Bəzən bir kitab səni elə bir hissin yanına aparır ki, orada nə illərin, nə yolların, nə sözlərin izah edə bilmədiyi bir həqiqət var. Bu həqiqətlə qarşılaşmaq insanı sarsıdır. Həyatın heçliyini, insanın nə qədər boşluğa sürüklənə biləcəyini düşünmək – bu hiss oxumağın verdiyi o sarsıdıcı dərinlikdən doğur. Və o zaman anlayırsan: sən əslində yaşamağı kitabla öyrənmisən.
Bəlkə də kitabların əsl sirri də budur – onlar bizi bir neçə saatlıq deyil, bəlkə də bir ömürlük dəyişir. Və biz bu dəyişimin içində sanki özümüzə rast gəlirik.
“Ədəbiyyat və incəsənət”
(07.08.2026)


