Fazil Mustafa Salam Sarvanı 60 illik yubileyi münasibətilə təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış şair, tərcüməçi və ictimai xadim Salam Sarvana 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda yazılıb:

 

Komitə sədri yubilyarı ömür və yaradıcılıq yolunun əlamətdar mərhələsi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və ictimai fəaliyyətində uğurlar arzulayıb.

Təbrik məktubunda Salam Sarvanın uzun illər ali təhsil sistemində, keçmiş Dövlət Tərcümə Mərkəzində, müxtəlif ictimai qurumlarda, eləcə də ölkənin aparıcı media orqanlarında redaktor və baş redaktor kimi səmərəli fəaliyyət göstərərək Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına töhfələri vurğulanıb.

Fazil Mustafa vurğulayıb ki, Salam Sarvanın şeirlərinin müxtəlif xalqların dillərinə tərcümə olunması, habelə onun dünya poeziyasından örnəkləri Azərbaycan dilinə çevirməsi milli ədəbiyyatımızın beynəlxalq ədəbi əlaqələrinin inkişafına xidmət edən fəaliyyət istiqamətlərindəndir.

Məktubda qeyd edilir ki, “Heykəl tənhalığı” şeirlər kitabının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülməsi müəllifin yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir.

Komitə sədri bildirib ki, bədii sözə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və fəal ictimai mövqe Salam Sarvanın yaradıcılığını və fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Bu özəlliklər onun Azərbaycan ədəbi fikrində və ictimai həyatında özünəməxsus yerini müəyyənləşdirən amillərdəndir.

Fazil Mustafa əminliyini ifadə edib ki, Salam Sarvan bundan sonra da zəngin yaradıcılıq təcrübəsi və ictimai nüfuzu ilə Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə və cəmiyyətimizin mədəni həyatına yeni töhfələr verməyə davam edəcək.

Sonda komitə sədri tanınmış şairi 60 illik yubileyi münasibətilə bir daha təbrik edib, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və həyatının bütün sahələrində xoş günlər arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.