1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Featured

Ana dilimiz - milli kimliyimizin əbədi möhürü

  

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən təsis edilib və ana dilimizin dövlətçilik tarixindəki müstəsna rolunu bir daha diqqət mərkəzinə gətirir. Bu gün yalnız təqvimdə əlamətdar bir tarix deyil, həm də milli kimliyimizin, mənəvi sərvətlərimizin, tarixi yaddaşımızın və dövlətçilik ənənələrimizin təcəssümüdür.

 

Hazırda dünyada 50 milyondan artıq insan Azərbaycan dilində danışır. Minilliklər boyu formalaşan zəngin dilimiz xalqımızın mənəvi varlığını yaşadan, milli birliyimizi qoruyan ən mühüm amillərdən biri olub. Tarixin müxtəlif dövrlərində Azərbaycan dövlət müstəqilliyini itirsə də, xalqımızı bir millət kimi qoruyan onun dili, mədəniyyəti, ədəbiyyatı və milli-mənəvi dəyərləri idi. Məhz ana dilimiz assimilyasiya siyasətinə qarşı xalqımızın ən möhkəm sipərinə çevrilmişdir.

Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasəti açıq şəkildə həyata keçirilirdi. Ana dili uğrunda mübarizə aparmaq böyük cəsarət tələb edirdi. XX əsrin 30-cu illərində milli dil məsələsini qaldıran ziyalıların repressiyalara məruz qalması, sürgün olunması həmin dövrün acı həqiqətlərindən biridir. Belə mürəkkəb siyasi şəraitdə belə Azərbaycan dili öz zəngin daxili potensialı və xalqın ona bağlılığı sayəsində yaşamağı və inkişaf etməyi bacardı.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və hüquqi status qazanması istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri tariximizin ən şərəfli səhifələrindəndir. 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra ittifaq respublikalarının əsas qanunlarında dövlət dili məsələsinin əks olunmasına ciddi maneələr yaradılsa da, Heydər Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Onun qətiyyətli iradəsi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. O dövrün siyasi reallıqları nəzərə alınarsa, bu addım milli maraqların qorunması baxımından böyük tarixi nailiyyət idi.

Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə də Ümummilli Lider ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. Onun "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir" fikri bu siyasətin əsas ideoloji xəttini təşkil edir. Heydər Əliyev haqlı olaraq vurğulayırdı ki, Azərbaycan dili bütün təzyiqlərə baxmayaraq qorunub saxlanılmış, inkişaf etdirilmiş və bu gün yüksək elmi, ədəbi və ictimai imkanlara malik mükəmməl bir dil kimi formalaşmışdır.

2001-ci il iyulun 18-də imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, həmin ilin avqustun 9-da təsis olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, eləcə də 2003-cü ildə qüvvəyə minən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun ana dilimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu sənədlər dövlət dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsinə, onun saflığının qorunmasına və gələcək inkişafına xidmət edən strateji qərarlar kimi tarixə düşdü.

Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin yeni dövrün çağırışlarına uyğun inkişafını təmin edir. Latın qrafikalı nəşrlərin kütləvi çapı, "Azərbaycan Milli Ensiklopediyası"nın hazırlanması, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsi, 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və dilimizin saflığının qorunmasına dair qəbul edilmiş mühüm sənədlər dövlətin ana dilinə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.

Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq tribunalarda, diplomatik görüşlərdə, mötəbər beynəlxalq təşkilatların iclaslarında səslənir. Bu, müstəqil dövlətimizin qüdrətinin, milli kimliyimizin və dilimizin nüfuzunun göstəricisidir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni irsi, ədəbiyyatı və mənəvi dünyasıdır. Ana dilini qorumaq milli varlığımızı qorumaq deməkdir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə ana dilimizin keçdiyi tarixi inkişaf yolu, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də müasir dövrdə dilimizin qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə şair, publisist, folklorşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Avtandil Ağbaba, AZƏRTAC-ın Sumqayıt bölgəsi üzrə müxbiri Ətrabə Rzayeva, "Sumqayıt" qəzetinin və "Ədəbiyyat və incəsənət" saytının əməkdaşı, şair-publisist İlhamə Məhəmmədqızı, Sabir Sarvan adına Uşaq Poeziya Teatrının rəhbəri Yeganə Hüseynova, Nizami Gəncəvi adına Kitabxana-Klubun direktoru Ülviyyə Quliyeva və digər ziyalılar çıxış edərək ana dilinin milli-mənəvi dəyərlər sistemində tutduğu müstəsna yerdən, dövlətin bu sahədə həyata keçirdiyi uğurlu siyasətdən, gənc nəslin dilə sevgi ruhunda tərbiyəsinin vacibliyindən danışıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, qloballaşma dövründə Azərbaycan dilinin saflığını qorumaq, onu gündəlik həyatda düzgün tətbiq etmək hər bir vətəndaşın mənəvi borcudur.

Tədbir maraqlı diskussiya şəraitində keçib, iştirakçılar dilimizin zənginliyinin qorunması, bədii sözün inkişafı, milli-mənəvi irsin təbliği istiqamətində fikir və təkliflərini bölüşüblər.

Ümummilli Lider Heydər Əliyevin "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur" fikri bu gün də öz aktuallığını qoruyur. Hər bir azərbaycanlının müqəddəs vəzifəsi ana dilimizi sevmək, onu saf saxlamaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Çünki ana dili xalqın milli pasportu, tarixinin canlı salnaməsi və müstəqilliyinin ən möhkəm dayaqlarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.