Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Dövlətin əsas atributlarından, dövləti göstəricilərindən savayı bir də görünməyən sınırları var: dili, mədəniyyəti, tarixi yaddaşı, informasiya məkanı və milli iradəsi!.. Bu sınırlar pozulduqda, xəritədə heç nə dəyişməsə də, dövlətçiliyin özünə zərbə dəyə bilir, cəmiyyət çalxalanır, aydınlar qələmini, sözünü əsirgəmir.
İş elə gətirib, Azərbaycan uzun illərdir həm fiziki, həm informasiya savaşının ön cəbhəsindədir. İlgincdir, ölkəmizə qarşı aparılan bu kampaniyaların önəmli bölümü zaman-zaman özünü “dostluq-qardaşlıq”, “ümmət”, “məzhəb”, “ümumi dəyərlər” pərdəsi altında təqdim etməyə çalışıb. Halbuki dövlətlərarası münasibətlərin ölçüsü romantik şüarlarla ölçülmür, ölçü-ülgü üçün siyasi davranışın necəliyi, nəliyi önəmlidir.
Tehran hakimiyyətinin müxtəlif dönəmlərdə Azərbaycanın suveren qərarlarına qarşı sərgilədiyi münasibət, ölkəmizin iç işlərinə təsir göstərmək çabaları, informasiya və ideoloji təsir alətlərindən istifadə etməsi artıq təsadüfi hadisələr kimi qiymətləndirilə bilməz. Burada söhbət ayrı-ayrı jurnalistlərin, media qurumlarının çalışmasından getmir; biz dövlət siyasətinin informasiya müstəvisindəki təzahürlərindən danışırıq.
Müstəqil Azərbaycan öz dövlət mövqeyini ifadə edərkən hüquqa üstünlük verir, emosiyalarla möhtac qalmır.
Qarşılıqlılıq prinsipi beynəlxalq münasibətlərdə qəbul olunmuş bir hüquqi mexanizmdir. Eyni münasibətin eyni hüquq çərçivəsində cavablandırılması nə qərəzdir, nə də qarşıdurma həvəsi; bu, dövlət suverenliyinin təbii müdafiə formasıdır.
Məsələnin daha dərin qatı isə kulturolojidir. İnformasiya məkanı XXI yüzilin ən önəmli geosiyasi ərazilərindən birinə çevrilib. Əgər vaxtilə qalalar daşdan tikilirdisə, bu gün onların yerini milli informasiya təhlükəsizliyi arxitekturu tutur. Söz də sınır keşikçisidir. Kamera da, mikrofon da, qələm də dövlət çıxarlarından qıraq düşünülə bilməz.
Bəs yaxşı, Azərbaycan mediası təkcə xəbəri ötürən institutdurmu? – Əlbəttə, yox. – Mediamızı ulusun yaddaşını qoruyan, həqiqəti bəlgələşdirən və dövlətin informasiya suverenliyini gücləndirən strateji quruluş olaraq görməliyik. Ona görə də ulusun çıxarlarına qarşı yönəlmiş sistemli informasiya çalışmalarına münasibətdə hüquqi və prinsipial mövqe nümayiş etdirilməsi demokratik dövlət davranışının ayrılmaz hissəsidir.
Bizimlə problemi olmayanlarla bizim bir problemimiz yoxdur. Bununla belə, dövlət siyasəti ilə ulusların taleyini eyniləşdirmək də doğru sayılmaz. Tənqidimizin ünvanı Azərbaycanın çıxarlarına qarşı yönəlmiş siyasi xətdir.
Bəlağətli çıxmasın, Rüstəm Behrudinin ünlü “Vətən” şeiri havasında desək, bəli, bu gün informasiya məkanı da Vətəndir. O Vətənin keşiyini həm də jurnalistlər çəkir.
Ulusumuzun çıxarları adına deyilən hər doğru söz dövlətçiliyin görünməyən istehkamlarından birinə çevrilir.
Həqiqətin yanında olmaq, dövlətin yanında olmaq və Azərbaycanın informasiya suverenliyini qətiyyətlə qorumaq! – Azərbaycan mediasının əsas missiyası da məhz bu deyilmi?
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
P.S. Tehran, Kreml, Daşnaksütyun, PKK, anrı-bəri cocuqlarının bu aralar yenə canlanacağını görsək, təəccüblənməyək. Birbaşa bu və bənzəri yazılara cavab vermədən, guya çox ağıllıymışcasına ayrı-ayrı kateqoriyalar, sahələr üzrə bizləri “ələşdirmə”ləri bildiyimiz, güldüyümüz haldır.
“Ədəbiyyat və incəsənət”
(29.07.2026)


