Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün İran AzTV-ni "İrana düşmən media qurumları" siyahısına daxil etdiyini açıqlayıb. Buna cavab olaraq Azərbaycan Medianın İnkişafı Agentliyi bu addımı təəccüblə qarşıladığını bəyan edib və qarşılıqlılıq prinsipinə əsasən xarici jurnalistlərə tətbiq olunan məhdudiyyətlərin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.
Qurum eyni zamanda Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərdiyi bildirilən İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin ölkədə fəaliyyətini qanunsuz elan edib. AzTV-nin sədri Röşən Məmmədov isə bildirib ki, telekanal İrana qarşı dezinformasiya aparmır, yalnız Azərbaycan əleyhinə yayılan məlumatlara faktlara əsaslanan cavab verir. Onun sözlərinə görə, AzTV bundan sonra da ölkəyə qarşı yönələn informasiya hücumlarına adekvat cavab verməyə davam edəcək. Qeyd edək ki, baş verən hadisə təkcə media müstəvisində deyil,Azərbaycan-İran münasibətlərinin siyasi aspektində də müzakirələrə səbəb olub.
Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova "Ədəbiyyat və İncəsənət" portalına açıqlamasında vurğulayıb ki, medianın əsas missiyası cəmiyyəti düzgün, operativ və obyektiv informasiya ilə təmin etməkdir:
"Bu fəaliyyətin əsasında isə söz və ifadə azadlığı, jurnalistlərin peşə müstəqilliyi, informasiya əldə etmək və yaymaq hüququ kimi fundamental prinsiplər dayanır. Bu prinsiplər həm BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində, həm də bir sıra beynəlxalq sənədlərdə təsbit olunub.
Bu baxımdan, hər hansı media qurumunun və ya jurnalistin peşə fəaliyyətinə görə “düşmən” kimi təqdim edilməsi, həmin media ilə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi söz azadlığı və medianın müstəqilliyi prinsipləri ilə uzlaşmır. Belə yanaşmalar jurnalistlərin peşə fəaliyyətinə təzyiq göstərə, onların sərbəst informasiya toplamaq və yaymaq imkanlarını məhdudlaşdıra, nəticədə beynəlxalq informasiya mübadiləsinə mənfi təsir edə bilər".
Müsahibimiz sonda əlavə edib:
"Düşünürəm ki, fikir ayrılıqlarının həlli yolu media nümayəndələrinin hədəfə çevrilməsi deyil, açıq informasiya mühiti, peşəkar dialoq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında münasibətlərin qurulmasıdır.
Xüsusilə, peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşları olan Azərbaycan televiziyasına qarşı belə qərəzli mövqe qəbuledilməzdir. Bu addım həm də media sahəsində beynəlxalq əməkdaşlığa vurulan zərbədir".
Həmçinin, politoloq Azad Məsiyevin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisindən üçüncü dövlətin qonşu ölkələrin daxili işlərinə müdaxilə məqsədilə istifadə etməsinə heç vaxt icazə verilməyəcək:
"Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşamaq prinsipini hər zaman əsas götürür və bu prinsiplərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Azərbaycan üçüncü dövlətlərlə əməkdaşlığını heç vaxt qonşularının əleyhinə hesablamayıb. Ümumilikdə onu qeyd etmək yerinə düşər ki, ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı İranın dini liderinin qətli ilə bağlı iddialar fonunda Azərbaycan Prezidenti İlham Əliyev İran səfirliyinə gedərək başsağlığı vermişdi. Azərbaycan dəfələrlə İranla qonşuluq münasibətlərinə xüsusi önəm verdiyini nümayiş etdirib və bu münasibətlərə həssas yanaşıb. Bu baxımdan İran dövləti də nəzərə almalıdır ki, ölkə daxilində bəzi ekstremist və avantürist siyasətçilər, eləcə də şəxslər mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirirlər. İran rəsmiləri və xüsusi xidmət orqanları Azərbaycan kütləvi informasiya vasitələrində səsləndirilən fikirlərə dözümlə yanaşmalıdırlar".
Politoloq qeyd edib ki, Azərbaycan televiziyalarında İran əleyhinə fəaliyyət göstərilmir, əksinə, yalnız İranda Azərbaycan əleyhinə səsləndirilən fikirlərə adekvat cavab verilir.
"Əgər İranın xüsusi xidmət orqanları həqiqətən dövlətin maraqlarından çıxış edirlərsə, ilk növbədə ölkə daxilində fəaliyyət göstərən təxribatçı qüvvələrin avantürist çıxışlarına diqqət yetirməlidirlər. Çünki bildiyimiz kimi, ABŞ və İsrailin İran daxilində agentura şəbəkəsi mövcuddur və fəaliyyət göstərir. Biz bunun hərbi əməliyyatlar zamanı şahidi olduq. ABŞ və İsrailin İran daxilində dəqiq zərbələr endirməsi, istər hərbi hədəflərə, istərsə də dini liderin qətli ilə bağlı aparılan əməliyyatlar onu göstərir ki, həmin ölkələrin İran daxilində ciddi agentura şəbəkəsi var. Yaxşı olardı ki, İranın kəşfiyyat qurumları bu şəbəkəni aşkarlasın və ona uyğun hüquqi qiymət versin. Eyni zamanda həmin agentura şəbəkəsinin Azərbaycan-İran münasibətlərini pozmaq məqsədilə Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsinə çalışdığı da nəzərə alınmalıdır. İranın xüsusi xidmət orqanları bu şəbəkəni aşkarlamalı və qonşu ölkələr arasında ədavət salmağa çalışan şəxsləri neytrallaşdırmalıdır. Azərbaycanda kütləvi informasiya vasitələri isə yalnız İran tərəfindən, bəzi siyasətçilər və avantürist dairələr tərəfindən ölkəmiz əleyhinə səsləndirilən fikirlərə cavab verirlər".
A.Məsiyev əlavə edib ki, Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətinə bu cür qiymət verilməsinə ehtiyac yoxdur.
"Azərbaycan tərəfi sadəcə İran tərəfindən səsləndirilən fikirlərə adekvat cavab verir və bunu normal qarşılamaq, dözümlə yanaşmaq lazımdır. İran dövləti Azərbaycan dövlətinə yuxarıdan aşağı baxa bilməz. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini hər zaman əsas meyar kimi qəbul edir. Xüsusilə də İrana qarşı həssas münasibət bəsləyirik və bu ölkədə aparılan hərbi əməliyyatların diplomatik yollarla aradan qaldırılmasını dəstəkləyən mövqeyimizi daim nümayiş etdirmişik. Təəssüf ki, İranın daxilində xarici xüsusi xidmət orqanlarına xidmət edən bəzi qüvvələr Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə çalışırlar. Çünki İran-Azərbaycan münasibətlərinin korlanması ilk növbədə Qərbin və İsrailin maraqlarına xidmət edir. Yaxşı olardı ki, İran dövləti və rəsmiləri bu cür pozuculuq fəaliyyəti ilə məşğul olan şəxsləri və qrupları aşkarlasın, onların fəaliyyətinin qarşısını alsın. Azərbaycan kütləvi informasiya vasitələri İran mediasında, eləcə də bəzi siyasi ekspertlər və dairələr tərəfindən verilən bəyanatlara cavab verir. Bu isə Azərbaycan-İran münasibətlərinə xələl gətirməməlidir və gətirmir. Azərbaycanla İran arasında rəsmi münasibətlər mövcuddur. Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb. Hesab edirəm ki, bu münasibətləri korlamaq istəyən dairələr iki dövlət arasında gərginlik yaratmağa çalışırlar. Bu, həm İranın xüsusi xidmət orqanlarının diqqət yetirməli olduğu məsələdir, həm də ölkə daxilində fəaliyyət göstərən müəyyən şəbəkələrin işidir. Belə fəaliyyətlər bir mərkəzdən idarə olunur".
“Ədəbiyyat və incəsənət”
(29.07.2026)


