“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Mən yeni-yeni yazmağa başladığım zamanlarda əlimə M.Ə.Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi... gizli imzalar ilə satirik şeirlər yazmağa başladım.”
Məşhur özbək şairi Qafur Qulam
İyulun 25-i görkəmli Azərbaycan satirik şairi, mütəfəkkiri, maarifçisi Mirzə Ələkbər Sabirin anım günü idi. Şamaxıda və bəzi mədəniyyət müəssisələrinin sosial media səhifələrində Sabirin anım günü ilə bağlı paylaşımlar edildi. Lakin mədəniyyətə cavabdeh olan dövlət qurumları tərəfindən geniş ictimai rezonans doğuran rəsmi anım mərasimləri və ya iri tədbirlər keçirilmədi. Ən azından, bu qurumlar öz sosial media hesablarında adi bir paylaşım belə etmədilər. Heyif. Səd heyif.
Bu adi, sıradan anın günü deyildi axı. Necə deyərlər, dəyirmi rəqəm idi, ünlü şairin vəfatının tam 115 illiyi idi.
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayıb. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olub. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər alıb.
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxıb. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verib. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlayıb. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirib və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə edib.
Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr edib. Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə alıb. Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölüb:
1905-ci il rus inqilabına qədərki dövr
1905-ci il rus inqilabından sonrakı dövr
Mirzə Ələkbər Sabirin yaradıcılığında dil məsələsi mühüm yer tutub. Şair ana dilin qorunmasına, düzgün istifadəsinə və təhsildə tətbiqinə xüsusi diqqət yetirib. O, ana dilində təhsili milli şüurun formalaşması baxımından vacib hesab edib, ictimai məzmunlu şeirlərini sadə və anlaşıqlı dillə qələmə alıb.
“Yaz günləri” şeirində Sabir təbiət gözəlliklərini uşaqların baxış bucağından təqdim edərək, onların estetik dünyagörüşünün formalaşmasına yardım edib. Burada uşaq poetikasına xas olan ritm, ahəng və sadəlik qorunmuş, mövzu isə fəslin poetik təəssüratları üzərində qurulub. “Artıq alıb əskik satan tacir” şeirində Sabir uşaqların tərbiyəsində ailənin, xüsusilə valideyn nümunəsinin mühüm rol oynadığını önə çəkir.
Şeirdə atasından ədalətsiz davranışlar öyrənən bir uşağın timsalında mənfi sosial vərdişlərin nəsildən-nəslə ötürülməsinin təhlükələri göstərilib və uşaqların düzgün tərbiyəsi üçün valideynlərin məsuliyyətinə diqqət yetirilib. Sabirin tərcümə etdiyi və Ezopun məşhur təmsillərindən biri olan “Qarğa və tülkü” əsərində uşaqlara hər kəsə inanmağın doğru olmadığı izah edilib.
Sabir bu şeirdə həm əyləndirici, həm də öyrədici funksiyanı birləşdirərək təmsil janrının imkanlarından məharətlə istifadə edib. “Məktəbə tərğib” şeirində isə şair uşaqlara məktəbə getməyi tövsiyə edib, təhsilin cəmiyyətin tərəqqisi üçün mühüm olduğunu vurğulayıb. Sabirin bu mövzularda yazdığı şeirlər yeni tipli məktəblərin genişləndirilməsinin tərəfdarı olduğunu göstərib və bu ideyalarına görə dövrünün bəzi dairələri tərəfindən tənqid və təqiblərə məruz qalıb.
Şairin "Ə.Sabir Tahirzadə” adlı bir çox imzası ilə “Məktəb şagirdlərinə töhfə”, “Ə.Sabir Tahirzadə” imzası ilə “Təbib ilə xəstə” yaxud “Ə.S.” imzası ilə “Molla Nəsrəddinin yorğanı”, yenə də “Ə.S.” imzası ilə “Molla Nəsrəddin və oğru”, “Ə.S.” “Yalançı çoban” mənzum hekayələrini ancaq və ancaq valideynlərə kömək kimi uşaqların tərbiyəsinin formalaşmasına həsr edib.
“Kim nə deyər bizdə olan qeyrətə?” şeirində isə xalqın zahiri qəhrəmanlığının içi boş olduğu ironik tərzdə təqdim olunub. Sabir “iş görəcək yerdə söz əzbərləmək”, “boş söhbətə aşiq olmaq”, “yay gəlməmiş qızmaq” kimi davranış nümunələri ilə milli xarakteri satirik şəkildə təsvir edib. O, bu şeirdə xalqı yaxşı tanıdığını və ona layiq olduğu qiyməti verdiyini göstərib.
Mir Cəlalın «Mirzə Ələkbər Sabirin sənət dünyası» əsərində isə şairin yaradıcılıq metodları və sənətkarlığı dərindən təhlil edilib. Əli Akifin «Mirzə Ələkbər Sabirin satira sənətkarlığı» kitabı isə onun satira janrındakı ustalığını ön plana çıxarıb. Həmçinin Rafael Hüseynovun «Şirvan şairləri» monoqrafiyasında Sabir Şirvan bölgəsinin ədəbi mühitində formalaşmış görkəmli şairlərdən biri kimi təqdim olunub.
1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilib.
Böyük azərbaycanlı olan Sabir 25 iyul 1911-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)


