Azərbaycan qadınının ideal obrazı: Mehriban xanım Əliyeva ənənə və müasirliyin təcəssümü kimi Featured

Cəlil Xəlilov,

polkovnik,“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri.

“Ədəbiyyat və incəsənət”

 

Mehriban xanım müdrikliyin, gözəlliyin, yüksək mənəvi keyfiyyətlərin və səmərəli ictimai fəaliyyətin vəhdətini öz şəxsiyyətində təcəssüm etdirir. 

 

Bu müstəsna keyfiyyətlərə malik şəxsiyyət milli ənənələrlə müasir dövrün tələblərinin üzvi vəhdətini özündə əks etdirir. Onun timsalında müdriklik yalnız nəzəri anlayış deyil, uzaqgörən və məsuliyyətli qərarlar qəbul etmək bacarığı kimi özünü göstərir. Gözəllik isə zahiri görünüşlə məhdudlaşmayaraq insanın davranışında, əməllərində və mənəvi dəyərlərində əks olunur. Eyni zamanda, çoxşaxəli ictimai fəaliyyəti cəmiyyətdə qazandığı yüksək etimadın və nüfuzun əsas göstəricilərindən biri kimi özünü göstərir..

Bəs müasir siyasətçini səciyyələndirən bu keyfiyyətlərin əsasında hansı amillər dayanır?

Bu məsələyə münasibətimi bildirmək istərdim. Fikrimcə, ilk növbədə onun adına diqqət yetirmək məqsədəuyğundur. Xalq arasında insanın adının onun xarakteri və həyat yolu ilə müəyyən mənada bağlı olduğu düşüncəsi mövcuddur. “Mehriban” adı qayğıkeşliyi, mərhəməti və insanlara səmimi münasibəti ifadə edir. Mehriban xanım da öz fəaliyyəti və davranışı ilə bu mənaları doğruldur. O, səmimiyyəti, yüksək mənəvi dəyərlərə sadiqliyi və insanlara dəstək göstərməyə daim hazır olması ilə seçilir. İnsanlara diqqət və qayğı ilə yanaşması, xeyirxahlığı, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq bacarığı onun şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdəndir.

Azərbaycan xalqının müdrik kəlamlarından biri olan “Ot kökü üstə bitər” atalar sözü insanın şəxsiyyətinin formalaşmasında ailə mühitinin və mənəvi irsin rolunu ifadə edir. Mehriban xanımın mənsub olduğu ailə Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə görkəmli simalar bəxş etmişdir. Ata tərəfdən babası görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev, atası fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevdir. Ana tərəfdən babası tanınmış jurnalist, “Bakı” qəzetinin təsisçisi və baş redaktoru Nəsir İmanquliyev, anası isə görkəmli şərqşünas, elmlər doktoru Aida İmanquliyevadır. Belə zəngin mənəvi və intellektual irs Mehriban xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərmişdir.

Mehriban xanımın fəaliyyətində vətənpərvərlik xüsusi yer tutur. Azərbaycanın tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılıq onun ictimai fəaliyyətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, digər xalqlara və mədəniyyətlərə hörmətlə yanaşması, beynəlxalq prosesləri obyektiv qiymətləndirməsi onun dünyagörüşünün və siyasi mədəniyyətinin göstəricisidir.

Azərbaycan xalqının yaddaşında müdrik, cəsarətli və ləyaqətli qadın obrazı əsrlər boyu Koroğlunun silahdaşı Nigarın və Qaçaq Nəbinin həyat yoldaşı Həcərin timsalında yaşadılmışdır. Bu obrazlar qadının ailədə və cəmiyyətdə tutduğu yüksək mövqenin mənəvi rəmzinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində bu ənənədən müəyyən uzaqlaşmalar müşahidə olunsa da, Azərbaycan ictimai fikri və klassik ədəbiyyatı həmişə qadının fəallığını, iradəsini və mənəvi gücünü yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, Cəfər Cabbarlının, Səməd Vurğunun və İlyas Əfəndiyevin əsərlərində qadın müstəqil düşüncəyə, güclü iradəyə və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi təqdim olunur. Həmin əsərlərdə Şərq ənənəsində olduğu kimi qadın yalnız sevgi obyekti deyil, fəal, iradəli və müstəqil şəxsiyyət kimi təqdim olunur. Bu xüsusiyyətlər Mehriban xanımın şəxsiyyətində də aydın şəkildə öz əksini tapır.

Ümumilikdə hesab edirəm ki, Mehriban xanımın şəxsiyyətinin və yüksək insani keyfiyyətlərinin formalaşmasında mənəvi dəyərləri ilə xalqımızın sosial-mədəni arxetipləri uğurlu vəhdət təşkil etmişdir.

Xidməti fəaliyyətimlə əlaqədar müxtəlif ölkələrin dövlət və ictimai xadimləri ilə görüşürəm və onların hamısı yekdilliklə bildirirlər ki, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın güclü rəhbərliyə malik olması ölkə üçün böyük üstünlükdür. Biz əminik ki, Prezident İlham Əliyev və onun etibarlı silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin daha da qüdrətlənməsi, rifahının yüksəlməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirirlər.

Biz veteranlar Azərbaycan Respublikasının Prezidentı, cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri dövlət siyasətini dəstəkləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.