Fatimə Məmmədova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanla Fransa arasında münasibətlərdə yeni mərhələnin başlandığına dair mühüm mesaj verilib. Prezident İlham Əliyev bu barədə Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda bəyan edib. Dövlət başçısı son dövrlərdə aparılan təmasların və müzakirələrin ikitərəfli əlaqələrin inkişafına yeni imkanlar açdığını vurğulayıb. O, mövcud dialoqun ölkələr arasında münasibətlərin gələcək perspektivləri baxımından əhəmiyyət daşıdığını qeyd edib. Prezidentin bu mesajı Bakı ilə Paris arasında münasibətlərdə yeni səhifənin açıldığını göstərən siyasi siqnal kimi qiymətləndirilir.
Mövzu ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına Milli Məclisin deputatı Elnarə Akimova açıqlama verib. Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Fransa ilə münasibətlər mövzusuna toxunaraq son dövrlərdə Bakı–Paris xəttində müşahidə olunan müsbət dinamikanı qeyd etdi:
"Dövlət başçısı vurğuladı ki, əvvəllər münasibətlərdə gərginlik yaradan məsələlər artıq arxada qalır və "Azərbaycan–Fransa münasibətlərində yeni dövr başlayır".
Bu fikri bir neçə aspektdən dəyərləndirmək olar.
Əvvəla, bu bəyanat Azərbaycanın xarici siyasətində prinsipiallığın dəyişməsi deyil, diplomatik praqmatizmin növbəti təzahürüdür. Azərbaycan son illər dəfələrlə nümayiş etdirib ki, milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq üçün qapıları açıq saxlayır. Fransa ilə münasibətlərdə yaşanan gərginlik də məhz Qarabağ məsələsində Parisin mövqeyi fonunda yaranmışdı. İndi isə regionda yeni geosiyasi reallıqlar formalaşıb və tərəflər münasibətləri daha rasional əsaslar üzərində qurmağa çalışırlar.
İkincisi, Fransa ilə münasibətlərin normallaşması Azərbaycanın Avropa istiqamətində diplomatik manevr imkanlarını genişləndirə bilər. Fransa Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Parislə konstruktiv dialoqun bərpası Azərbaycanın Avropa institutları ilə münasibətlərinə müsbət təsir göstərə, enerji, nəqliyyat, yüksək texnologiyalar, investisiya və humanitar əməkdaşlıq üçün yeni imkanlar yarada bilər".
Deputat həmçinin əlavə edib ki, Cənubi Qafqazda davamlı sülh prosesinin irəliləməsi baxımından da bu dinamika əhəmiyyətlidir:
"Əgər Fransa regiondakı proseslərə daha balanslı və praqmatik yanaşma nümayiş etdirərsə, bu, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə də müsbət təsir göstərə bilər. Azərbaycan üçün əsas prioritet isə dəyişmir: suverenlik, ərazi bütövlüyü və regional əməkdaşlıq prinsipləri istənilən dialoqun əsasını təşkil edir.
Bununla yanaşı, münasibətlərin yaxşılaşmasının avtomatik olaraq bütün fikir ayrılıqlarının aradan qalxdığı anlamına gəldiyini söyləmək doğru olmaz. İki ölkə arasında keçmişdə yaranmış etimad problemlərinin tam aradan qalxması zaman və konkret addımlar tələb edir. Buna görə də Prezident İlham Əliyevin səsləndirdiyi "yeni dövr" ifadəsi daha çox qarşılıqlı siyasi iradənin formalaşdığını və əməkdaşlıq üçün yeni imkanların yarandığını göstərən mesaj kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətini bir daha təsdiqləyir: ölkəmiz prinsipial mövqeyini qorumaqla yanaşı, milli maraqlara uyğun olan hər bir istiqamətdə dialoq və əməkdaşlığa hazırdır. Əgər Bakı ilə Paris arasında formalaşan müsbət dinamika konkret siyasi, iqtisadi və humanitar layihələrlə möhkəmlənərsə, bu, təkcə ikitərəfli münasibətlərə deyil, həm də Azərbaycanın Avropadakı diplomatik mövqelərinin güclənməsinə və Cənubi Qafqazda daha sabit əməkdaşlıq mühitinin yaranmasına töhfə verə bilər".
“Ədəbiyyat və incəsənət”
(15.07.2026)


