Fariz Əhmədov,
Naxçıvan televiziyasının baş redaktoru,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Atilla Öztürk,
Hüquqşünas, jurnalist
“Əgər Məhəmmədin dini mənim ölümümlə yaşayacaqsa, onda, ey qılınclar doğrayın məni!” İmam Hüseyn bu sözləri deyərək hər şeyini islam uğruna fəda etdi. Beləliklə də, bu ağır səfər, bu şəhidlik və heç bir bənzəri olmayan bu böyük fədakarlıq din uğrunda baş tutdu.
Kimin dini varsa, Hüseyn onun uğrunda, ona xidmət uğrunda şəhid oldu. O bütün inanclı insanların şəhididir. İnsanın imanı nə qədər artırsa, Hüseynin ona mənsubluğu da bir o qədər artır. Onun üçün kədərlənməyimiz imanımızdan, laqeyd yanaşmağımız isə imanımızın zəif olmasından xəbər verir.
Bizə görə fəda olan bir insanı necə sevməyə bilərik? O bizə görə hər şeyini fəda etdi. O bu gün bizim həm dərin hüznümüzün həm də dərin minnətdarlığımızın nişanəsidir. Biz hər aşurada imam Hüseynə borclu olduğumuzu və bu borcu qaytarmağın mümkün olmadığını hiss edirik. Bu, qarşılığı heç vaxt ödənə bilməyəcək bir fədakarlıqdır. Buna görə də biz imam Hüseynə qarşılıq ödəmək əvəzinə, xidmət göstərməliyik. Bu xidmətin müqabilində bizim vəzifəmiz nədir? “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?!”
Hadisənin mahiyyəti artıq yavaş-yavaş dərk olunur. Fanatiklikdən həqiqətə doğru, haqqa doğru yol alır. İmam Hüseynin Kərbəla çölündə öz tərəfdarları ilə qanı bahasına apardığı haqq mücadiləsi bu gün yardımlaşma ilə vüsət tapır. Artıq aram-aram başa düşülür ki, həzrəti Hüseyn haqqa susamışdı, bizə isə onun yalnız suya susadığını dedilər.
Azərbaycan xalqının tarixinin müəyyən məqamları ilə Kərbəla faciəsi arasında bir bağlılıq var: zülmə düçar olmuş peyğəmbər ümməti və zülmə məruz qalmış Azərbaycan xalqı. 30 il davam edən Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının öz dədə-baba yurdundan didərgin salınması zülmə qarşı olan, haqqı hər zaman üstün tutan Azərbaycan xalqına qarşı zülm idi. Qəddar düşmənin soydaşlarımızın şərəf və ləyaqətini alçaltmağa çalışdığı belə bir zamanda yatmış vicdanları oyadıb, duyğuları coşduracaq böyük bir fədakarlıq örnəyinə çevrildi Həzrəti Hüseyn mücadiləsi. Heç təsadüfi deyildir ki, “Vətən sağ olsun!”, “Vətən uğrunda irəli!”, “Yaşasın Azərbaycan!” – deyə ölümə atılan igidlərimizin döyüş meydanındakı şüarlarından biri də “Ya Hüseyn!” idi. İşğaldan azad edilmiş el-obamıza ordumuz ilk qədəm basdığı an üçrəngli bayrağımızı zirvələrə sancmaqla yanaşı, şövqlə azan sədalarını da yüksəltdi. Düşmənin viran qoyduğu, bu gün isə dövlətimizin yüksək dini ehtiram əlaməti olaraq bərpa edib dindarların istifadəsinə verdiyi məscidlərimizdə Həzrəti Hüseyn rituallarla, həm də adil dövlətimizə şükranlıqla yad edilir.
Ümummilli Lider Heydər Əliyev bu hadisəyə toxunaraq deyirdi: “Bizim yolumuz Allah yoludur, Məhəmməd Peyğəmbərin yolu və İmam Hüseynin yoludur”. Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyip Ərdoğan bu hadisəyə işıq tutaraq deyirdi: “İmam Hüseyn və əhli-beyt öncə susuzluğa məhkum edildilər, sonra insanlığın ən dəhşətli qətliamı həyata keçirərək şəhid edildilər”. Kimlər örnək götürmədi ki, bu hadisəni. Mahatma Qandi deyirdi: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”
İmam Hüseynin düşmənləri 3 qrupa bölünür:
Birinci qrup İmam Hüseyn və dostlarını qətlə yetirənlərdir. Onlar çadrlara od vurub, maddi əşyaları qarət ediblər. Qadın və uşaqları əsir ediblər. Bunlar Hüseyni öldürməklə nəyə nail oldular? Heçnəyə, əksinə keçici və müvəqqəti olanı əbədi və ölümsüzə çevirdilər.
İkinci qrup Hüseynin tarixi izlərini aradan qaldırmağa çalışanlardır. Onun məzarını uçurub dəfn olunduğu yerə od vurublar. Onun izini, adını, xatirəsini, məzarını, təziyəsini və bu kimi şeyləri aradan qaldırmağa çalışıblar.
Üçüncü qrup Hüseynin hədəflərini təhrif edərək, Kərbala hadisələrini yalnızca anım mərasimi səviyyəsində donduraraq, bunu ağlaşma, hüzn və mərsiyələrlər məhdudlaşdırırlar. Bunlar Hüseynin həqiqətən də nə istədiyini, nə üçün mübarizə apardığını, insanlardan gizlədirlər.
Nəsillər boyu məşəl rolunu oynamış bu əbədi hadisə təkcə İmam Hüseynin dövrü ilə məhdudlaşmadı. Bu hadisənin sərhədləri insani bir faciəni aşır. Əslində, bu hadisə bütün zaman və məkanlarda nümunə götürüləcək mükəmməl bir modeldir.
Yezid islamı aradan qaldırmağa çalışsa da, İmam Hüseynin inqilabı baş tutandan sonra Yezid də geri çəkildi. Çünki gördü ki, öz evinin içində Hüseyn təziyəsi qurulub. Ətrafı, ailə üzvləri onu qınamağa başladı. “Mərcanənin oğlunu Allah öldürsün, o bu işdə tələsdi” deyib məsuliyyəti Übeydullah bin Ziyadın üzərinə atdı. Beləliklə də, Yezid Hüseynin hədəf və niyyətini dəyərləndirə bilmədən bu işə göstəriş vermiş oldu.
Tarix boyu bu inqilab səhradan bütün islam dünyasına ötürüldü. O gündən bu günədək gəlib çatdı ki, bu gün də bizə əmanətdir. Biz də öz növbəmizdə bu inqilabdan hər gün yeni bir şey götürür, zülmə mane olma yolunda faydalı bir fədakarlıq əxz edirik.
Bu gün bu əbədi tablonun, Hüseynin qanı ilə yanan çırağın və Hüseyn dostlarının mübarək başlarından ucaldılan bu məşəlin qarşısında dayandıqda yaşı səksəni haqlamış Həbib bin Məzahir kimi qocanın fədakarlığı ilə, həddi büluğa çatmamış, Qasimin fədakarlığı, qaradərili ilə ağdərilinin fədakarlığı, dostların fədakarlığı ilə Züheyr bin Qeyn, Hürr bin Yezid kimi tövbəkar düşmənləri yan-yana əks etdirən bu mənzərə qarşısında dayandıqda başa düşürük ki, bu yol həm kişilərə məxsusdur, həm də qadınlara.
Çalışaq Aşura mərasimindən öz yaşayışımız üçün yararlana bilək. Bu fürsətdə bir çox xoşbəxtlik amilləri təqdim olunur. Həmin günün gecəsi İmam öz dostlarını ələkdən keçirir və deyir: “Gecənin qaranlığı sizi bürüyüb, heç kəs heç kəsi görmür... Sizlərdən hər biriniz mənim ailə üzvlərimdən bir nəfərin əlindədn tutub aparsın”.
Şair həmin mənzərəni belə təsvir edirdi:
Ürəkləri zirehlərin üzərinə çəkmişdilər,
Sanki canlar getmək üçün yarışırdı.
Gənclərin təhsil almasına, mütaliə etməsinə, yaxşı işlərdə yarışmasına təkan verərək bu yola tövhə verə bilərik.
Həzrəti Hüseynin Aşurası, sadəcə, matəm deyil, özündə heç bitməyəcək bir sevinci də gətirir, kədərin sevincə qarışmış halını özündə birləşdirir. Mərhum Hacı şahinin dili ilə desək: “Məsələ sevgi söhbətidir, ona görə bitmir bu hekayə. Ox, nizə söhbəti deyil bu hekayə, ox, nizə bu qədər adamı bir araya yığa bilməz. Hekayə sevgi hekayəsidir. Eşqin üzərindən pərdə çəkilib. Hansı eşq? İmamın ümmətə olan eşqi. Ona görə halımız bu ayda dəyişir”.
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)


