Tənzilə Rüstəmxanlı: “Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsinə çevrilib”
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərində strateji əməkdaşlığın hüquqi-siyasi əsasını formalaşdıran ən mühüm sənədlərdən biri kimi tarixə düşdü. Bu sənəd iki ölkə arasında mövcud olan siyasi və hərbi yaxınlığı daha yüksək səviyyəyə qaldıraraq müttəfiqlik çərçivəsində yeni əməkdaşlıq modelini rəsmiləşdirdi.
Ötən beş il ərzində Bəyannamə təkcə ikitərəfli münasibətlərin dərinləşməsinə deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına ciddi təsir göstərdi. Sənədin müddəaları iqtisadi inteqrasiyadan tutmuş müdafiə sahəsində koordinasiyaya qədər geniş spektri əhatə edərək regionda yeni siyasi reallıqların konturlarını müəyyənləşdirdi.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əməkdaşlığını yalnız dövlətlərarası münasibətlər çərçivəsində deyil, eyni zamanda daha geniş geosiyasi platformada türk dünyasının inteqrasiyası kontekstində də strateji istinad nöqtəsinə çevirib.
Milli Məclisin Deputatı Tənzilə Rüstəmxanlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib. Deputat xatırladıb ki, 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır:
"Bəyannamə ilə iki ölkə arasında hərbi, siyasi və strateji müttəfiqlik münasibətləri daha sistemli xarakter aldı. Bu gün artıq beynəlxalq münasibətlər sistemində də belə əməkdaşlıq modellərinə maraq artır və bəzi hallarda Şuşa Bəyannaməsi dövlətlərarası strateji tərəfdaşlıq nümunələrindən biri kimi qeyd olunur. Tarixi baxımdan Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərində xüsusi yeri var. Bu sənəd müəyyən mənada XX əsrdə münasibətlərin formalaşmasında mühüm rol oynamış Qars müqaviləsindən sonrakı ən önəmli siyasi-hüquqi sənədlərdən biri kimi qiymətləndirilə bilər. Əgər Qars müqaviləsi mürəkkəb tarixi şəraitdə münasibətlərin əsaslarını müəyyən etmişdisə, Şuşa Bəyannaməsi Vətən müharibəsindən sonra Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını yeni mərhələyə çıxaran hüquqi və siyasi çərçivəni formalaşdırdı".
T.Rüstəmxanlı əlavə edib ki, Şuşa Bəyannaməsi XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsinə çevrilib:
"Artıq ənənə halını alan Şuşa konfransları da Bəyannamənin ideyalarının yaşadılmasına xidmət edir. Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslarda Türk dünyasının inteqrasiyası, yeni dünya nizamı, geosiyasi proseslər və regional əməkdaşlıq məsələləri müzakirə olunur ki, bu da Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinin hər il daha da artdığını göstərir".
“Ədəbiyyat və incəsənət”
(16.06.2026)


