İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
10 iyun tarixində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində növbəti tədbiri Bakı şəhəri Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə keçirilib.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən görüşdə Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda müxtəlif dövrlərdə canlarından keçmiş şəhidlərin ailə üzvləri də iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova qonaqları salamlayaraq layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüşlərin təşkili, Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə həmin qəhrəmanların xatirəsinin yaşadılması və təbliği, şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılması, onlara mənəvi dəstəyin göstərilməsi, eyni zamanda şəhid ailələri arasında qarşılıqlı tanışlıq və ünsiyyətin gücləndirilməsi, sosial həmrəyliyin artırılmasına töhfə verməkdir.
Ceyran Həsənova çıxışında vurğulayıb ki, dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində İctimai Birlik bundan sonra da fəaliyyətini davam etdirəcək. O qeyd edib ki, Aprel şəhidlərinin şərəfli döyüş yolu və qəhrəmanlıq nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır, onların ailələrinə göstərilən diqqət və qayğı isə mənəvi təsəlli və dəstək mənbəyidir.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova, Aprel şəhidi Qoşqar Hacıyevin anası Pəri Hacıyeva, Vətən müharibəsi şəhidi Mikayıl Məmmədzadənin anası Zülfiyyə Məmmədova, Aprel şəhidi Sahil Şirinovun anası Şəhla Şirinova, həmçinin Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova çıxış ediblər.
Natiqlər belə görüşlərin və tədbirlərin, xüsusilə şəhid ailələrinin bir araya gəlməsinin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq, dövlətin diqqət və qayğısını hər zaman hiss etdiklərini bildiriblər. Həmçinin layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, eləcə də tədbirin yüksək səviyyədə təşkil olunması üçün şərait yaradan Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundovaya, məktəbin müəllim və şagird kollektivinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsindən sonra şəhid ailələrinin görüşü çay süfrəsi arxasında davam etdirilib, iştirakçılar arasında səmimi fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2026)


