Tarix dərsləri: Bağırov Əhməd Cavadı necə incidirmiş Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Tarix dərsləri”ndə bu gün məşum Stalin repressiyası illərinə qayıdırıq. İstiqlal şairi Əhməd Cavadın taleyinin hər dönəmi bizim üçün maraqlıdır. O cümlədən də, Mir Cəfər Bağırovun onu sındırmaq üçün əl atdığı vasitələr.

Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın xatirələri bələdçimiz olacaq.

 

“1920-1930-cu illərdə Mircəfər Bağırov Əhməd Cavadı MK-ya çağırıb, onunla söhbət etmişdir. Xüsusən, 1933-cü ildən sonra bu hadisələr daha tez-tez təkrar olunurdu. Cavad həmişə bu "görüşlər" dən evə bir gün sonra, özü də çox əzgin qayıdırdı. Onu o qədər qəmgin, dilxor, pərişan və əsəbi görürdüm ki, səbəbini soruşmağa belə cürət etmirdim. O, özü bir-iki gün sonra (özünə bir qədər gəldikdən, əsəbləri düzəldikdən sonra) bu "görüşlər"dən söhbət açar və deyərdi:

"Əşşi, nə qədər gözləmək olar? Çağırma, çağırmısan, qəbul elə. Bu na hoqqadır, bu nə həngamədir? 5-6 saat, 10-12 saat qapı oturub, gözlə ki, nə çağıran var, nə qəbul edən?! Allah bilir, bəlkə də bu vaxt Mircəfər heç öz otağında yoxdur, haradasa, kefində olur. Mən zavallı isə gözləmə otağında oturub, onun çağırışını gözləyirəm. Adam az qalır partlaya, düşə. Haçandan-haçana səni içəri çağırırlar. Nə desə yaxşıdır?

"İt gəldi, örkəni apardı", mətləbə heç bir dəxli olmayan söz-söhbət, get, başını aşağı sal, işlə, hökumət səni bağışlayacaqdır. Suyun süzülə-süzülə çıxıb evə gəlirsən. İşləməyə nə ürəyin gəlir, nə əlin işə yapışır. Bir soruşan yoxdur ki, ayə, mən bu hökumətə nə etmişəm, ümumiyyətlə, nə edə bilərəm? Mənim silahım yox, qoşunum yox, olan-qalanım bir qələmdir, onu da ürəyim istəyən kimi çalmağa, yazmağa qoymurlar, "dilim bağlı", "əlim bağlı", "ruhum məndən aralı düşub"... Bu vəziyyətdə nə yapmaq olar?”

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.