“Qarabağ bizimdir” deyənlər indi “Qarabağ heç vaxt bizim olmayıb” deyirlər Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

İllərlə “Qarabağ bizimdir” deyib meydanlarda çıxış edənlər, xəritələr çəkənlər, işğalı qəhrəmanlıq kimi təqdim edənlər bu gün bir-bir geri addım atırlar. Dünənə qədər Azərbaycan torpaqlarında qan tökülməsinə səbəb olanlar indi “Qarabağ heç vaxt bizim olmayıb” deyirlər. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Kornidzor kəndində ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlərlə illərlə qurulan saxta ideologiyanın necə çökdüyünü açıq şəkildə göstərdi.

 

Paşinyan “torpaq itirmişik” deyənlərə bir sual verir: “Bu torpaq necə bizim ola bilərdi?” O daha sonra etiraf edir ki, həmin ərazilərdə nə erməni yaşayış məntəqələri olub, nə fabrik tikilib, nə də real həyat qurulub. “Ora bizim deyildi” cümləsi əslində Ermənistanın illərlə öz xalqına danışdığı yalanın gecikmiş etirafıdır. Çünki Qarabağ heç vaxt Ermənistanın olmayıb. Bu həqiqəti Azərbaycan illərlə deyirdi, indi isə həmin sözləri Ermənistan rəhbərliyinin öz dili ilə eşidirik.

Amma burada insanı yandıran əsas məqam başqadır. Əgər ora “onların deyildisə”, bəs niyə bu qədər qanı tökdülər? Niyə minlərlə insan həyatını itirdi? Niyə şəhərlər dağıdıldı, kəndlər viran qoyuldu, insanlar doğma yurd-yuvasından didərgin salındı? Niyə Azərbaycan anaları illərlə oğul dərdi çəkdi?

Otuz ilə yaxın müddətdə Qarabağ uğrunda şəhidlər verdik. O şəhidlərin təmiz qanı bu torpağın yaddaşına hopdu. Bu xalq ən ağır ağrıları yaşadı. İndi isə həmin qanların axmasına səbəb olan siyasətin davamçıları utanmadan “ora bizim deyildi” deyirlər. İnsan düşünür ki, illərlə şəhid qanını az qala içənlər,  üzərində siyasət quranlar indi hansı üzlə geri addım atırlar?

Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün tamam başqa cümlələr qururlar. Bu dəyişiklik təsadüfi deyil. Çünki həqiqət gec də olsa öz yerini tutur. Azərbaycan öz torpaqlarını geri aldı. Bu zəfər hansısa siyasi masada yox, səngərdə qazanıldı. Əsgərin qanı, şəhidin canı hesabına əldə edildi.

 

Bu gün azad Qarabağda dalğalanan bayraq şəhidlərin bizə əmanətidir. Ona görə də indi işğal siyasətindən geri çəkilib “ora bizim deyildi” demək nə dağıdılan şəhərləri geri qaytarır, nə də torpağa tapşırılan igidləri. Tarix hər şeyi yadda saxlayır. Kim torpaq uğrunda şəhid oldu, kim işğal etdi, kim də illərlə yalanlarla insanları aldatdı -hamısı bu xalqın yaddaşındadır.

Ermənilər sonda bir həqiqəti gec də olsa qəbul etdi: Qarabağ Azərbaycanın idi, Azərbaycanındır və heç vaxt sizin olmayıb. Bunu anlamaq üçün on minlərlə insanın taleyini məhv etməyə ehtiyac yox idi. Amma görünür, həqiqəti dərk etməyiniz üçün əvvəlcə məğlub olmağınız lazım idi. Afərin, gec də olsa anladınız...

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.