Kreml faşizm üzərində qələbəni yalnız Rusiyanın xidmətləri sırasına yazmağa çalışır Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

9 May – faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçiriləcək parad dünya siyasətinin diqqət mərkəzindədir. Bu il keçiriləcək tədbirdə bir sıra ölkə liderlərinin iştirakı gözlənilsə də, bəzi dövlət başçılarının parada qatılmaması beynəlxalq arenada müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə bir sıra ölkələrin tədbirdən uzaq durması siyasi mesaj kimi qiymətləndirilir.

 

Paradda iştirak edəcək dövlətlər arasında Türkiyənin də yer alması diqqət çəkən məqamlardandır. Ekspertlər hesab edir ki, son dövrlər dünyada baş verən siyasi proseslər və dövlətlərarası münasibətlər bu cür beynəlxalq tədbirlərə də təsirsiz ötüşmür. Bəs bəzi ölkələrin 9 May paradından yayınmasının arxasında hansı siyasi səbəblər dayanır?

Bu barədə Ədəbiyyat və İncəsənət portalına açıqlama verən politoloq Elçin Xalidbəyli  bildirib ki, Kreml bu tarixdən Rusiyanın qlobal gücünün ifadə olunmasında bir simvol kimi istifadə edir:

"Xüsusilə də son illərdə Putin hakimiyyəti həm MDB məkanından, həm də Rusiya ilə strateji-müttəfiqlik münasibətləri olan bəzi ölkələrdən yüksək rütbəli təmsilçiləri qəbul etməklə qələbə paradını bütün dünyaya mesaj vasitəsinə çevirməyə çalışır. Ancaq son illərdə bu mexanizm Rusiyanın əlindən çıxmağa başlayıb. Çünki bəzi dövlətlər, xüsusilə də MDB məkanında olan dövlətlər Kremlin 9 may qələbə paradı ilə bağlı dəvətlərinə pozitiv cavab verməkdən yayınmağa çalışırlar. Yəni bu tədbirin iştirakçılarının sırası seyrəlməkdədir. Bu il keçiriləcək paradda MDB dövlətlərinin böyük əksəriyyəti iştirak etməyəcək. Xüsusilə də 2018-ci ildən bəri Orta Asiya ölkələrinin heç birinin lideri qələbə paradına qatılmaq niyyətində olmadıqlarını bildiriblər. Eyni zamanda bəzi strateji müttəfiqlər də Rusiyanın bu dəvətinə soyuq yanaşırlar, çünki real təhlükə olduğunu düşünürlər. Xüsusilə də Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatları Rusiya üçün olduqca təhlükəli bir situasiya yaradıb, çünki prezident qələbə paradını hədəfə alacağına açıq və dolayısı eyhamlar vurur. Bu da Kreml üçün gərginliyi ciddi şəkildə artırmış olur. Hazırda Kreml bu problemin həlli üçün əlindən gələni edir. Hətta Rusiya Müdafiə Nazirliyi iki günlük atəşkəs belə elan edib, halbuki vaxtilə rəsmi Kiyev atəşkəs üçün müraciət edəndə Kreml buna qəti şəkildə etiraz etmişdi. İndi isə Rusiya özü atəşkəs təklif edir. Böyük ehtimalla bu dəfəki 9 may paradı əvvəlki illərlə müqayisədə daha sönük bir atmosferdə keçə bilər və bu da Rusiyanı ciddi şəkildə narahat edir.

Lakin ümumi götürdükdə Kreml 9 may faşizm üzərində qələbəni yalnız Rusiyanın dünya qarşısındakı xidmətləri sırasına yazmasının özü da çox absurd və məntiqsiz bir yanaşmadır.

Politoloqun sözlərinə görə, Bakı nefti olmasaydı, indi bəlkə də Rusiyanın özü də olmazdı:

"Faşizm üzərindəki qələbədə rol oynayan əsas faktorların sırasında ön planda məhz Bakı nefti yer alır. Digər tərəfdən, Rusiya ilə yanaşı digər 14 respublika Sovet ordusuna 100 minlərlə əsgər göndərib . Bu Rusiya ordusu deyildi. Bu 15 respublikanı birləşdirən ümumi ordu idi. Amma Rusiya bütün bunları öz adına yazmaq vərdişlərini bu dəfə də nümayiş etdirir. Bu da imperiya təfəkkürünün təzahüründən başqa bir şey deyil".

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.