Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Biz müharibəni yalnız cəbhədə, tankların və silahların səsində axtarırıq. Amma əslində müharibə çox daha əvvəl başlayır- insanın beynində, evlərin içində, süfrə arxasında deyilən bir neçə cümlədə.
Hələ uşaqkən qulağımıza pıçıldanan sözlər var: “o pisdir”, “ona inanma”, “o təhlükəlidir”, “onlar bizə düşməndir”. Hətta ermənilərin yeni doğulmuş, həyatı dərk etməmiş körpələrinin qulağına pıçıldadığı "Azərbaycanlılar qatı düşmənimizdir" cümləsi...Bunlar heç bir sual qəbul etmədən sadəcə ötürülür. Və uşaq da dünyanı öz təcrübəsi ilə yox, ona ötürülənlərlə anlamağa başlayır.
Beləcə, insan böyüyür, amma azad düşüncə ilə yox - əvvəlcədən yazılmış bir baxış bucağı ilə böyüyür. Qarşısındakı insanı tanımaq əvəzinə, onun haqqında formalaşdırılmış hazır “obraz”la qarşılaşır. Bu obraz isə çox vaxt qorxu, nifrət və inamsızlıqdan ibarət olur.
Bu tək bir cəmiyyətə aid deyil. Münaqişə yaşamış və yaşayan bir çox bölgələrdə eyni mexanizm işləyir. Nəsillər dəyişir, amma ötürülən narrativ dəyişmir. Bir nəsil müharibəni yaşayır, növbəti nəsil isə həmin müharibənin xatirəsini, qəzəbini və stereotiplərini miras alır. Təhlükə də burada başlayır. Belə ki, bu nifrət çox vaxt şüurlu şəkildə yox, avtomatik şəkildə ötürülür. İnsanlar “öyrətdiklərini” doğru hesab edir, çünki onlar da eyni şəkildə böyüyüblər. Beləliklə, dövr qapanır, öyrədilən qorxu yeni nəsildə yenidən istehsal olunur.
Siyasətdən kənara çıxsaq, bu model gündəlik həyatın içində də görünür. Bir ailədə sevilməyən bir insan haqqında uşağa davamlı mənfi fikirlər ötürülürsə, uşaq onu heç tanımadan rədd etməyə başlayır. O artıq öz münasibətini yaratmır və ona yaradılmış münasibəti qəbul edir. Bu kiçik görünən davranışlar zamanla böyük sosial psixologiyaya çevrilir.
Nəticədə cəmiyyətlər fərdlər üzərindən yox, stereotiplər üzərindən düşünür. İnsanlar bir-birini fərdi olaraq yox, “biz və onlar” bölgüsü ilə görməyə başlayır. Bu isə həm dialoqu, həm də sülh ehtimalını zəiflədir.
Sual isə getdikcə daha çətinləşir: biz sülhü doğrudan istəyirik, yoxsa sadəcə müharibəsiz bir dövrə alışmışıq?
Çünki sülh yalnız silahların susması deyil. Sülh düşüncədə sərhədlərin yumşalmasıdır. Sülh öyrədilmiş nifrətin yerinə sual qoymaqdır. Sülh “mənə belə deyilmişdi” ilə “mən özüm görmək istəyirəm” arasında seçimdir. Amma bu dəyişmədikcə, müharibə yalnız cəbhədə yox, insanın içində davam edir. Bəzən sözlə, bəzən yaddaşla, bəzən də uşaqlıqdan gələn qorxu ilə.
Tarix boyu yazıçılar müharibənin mahiyyətini anlamağa çalışıblar. Eriç Maria Remarque bu reallığı çox sərt ifadə edirdi: “Müharibə insanı məhv etmir, insanlığı məhv edir". Bu cümlə müharibənin fiziki yox, mənəvi dağıdıcı gücünü göstərir.
Tolstoy isə sülhün dəyərini başqa cür izah edirdi. "Əsl güc silahda deyil, seçimdədir".
Albert Eynşteyn isə daha qlobal bir nəticəyə gəlmişdi: "müharibədə qalib olmur, çünki hər iki tərəf insanlıqdan itirir".
Mənə görə, müharibəni dayandırmaq üçün əvvəlcə insanın içindəki müharibəni dayandırmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


