Bakıdan uzaqda, doğulduğu Buynuz kəndində... Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəli, o paytaxtda yaşamaqdansa özünün doğuluduğu kəndində yaşamağa üstünlük verdi. Bu, həm də bir çağırış idi. Elə-obaya, ocağa bağlılıq nişanəsi idi.

Bakı mühiti, asfalt, qutu evlər, ütülü-sığallı tədbirlər onu usandırmışdı. Və o, saflıq, halallıq yağan ucqar kəndlərinə qayıtmışdı...

 

Bu gün Azərbaycan xalq şairi Musa Yaqubun anım günüdür. Şeirləri dillər əzbəri olan, unudulmaz şairimiz özü dünyadan köçsə də misraları daim yaşamaqdadır.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. M.F.Axundov adına mükafata layiq görülmüşdür.

24 may 2019-cu ildə ona "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı verilmişdir.

 

Kitabları:

Yarpaqlar oxuyur (şerlər)

Bu məhəbbət yaşadır məni (şerlər)

Bu məhəbbət yaşadır məni (şerlər)

Mənim kainatım (şerlər)

Üzü bəri baxan dağlar (şerlər və poema)

Yaxşı ki, sən varsan (şerlər və poemalar)

Bir sim üstə (şerlər və poema)

İki qəlbin işığı (şerlər və poemalar). 

Mənim sevgi taleyim

Ürəyimdə yerin qaldı (şerlər, poemalar)

Nanə yarpağı (şerlər, poemalar). 

Payızdan yaza yol varmı (şerlər). 

Ruhumla söhbət (şerlər).

Bu dünyanın qara daşı göyərməz (şerlər)

Dövrün dəyirmanı

 

Şair Parkinson xəstəliyindən əziyyət çəkirdi.

7 may 2021-ci ildə 84 yaşında vəfat etmişdir. Doğulduğu Buynuz kəndində - həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Bu isə yazdığı son şeirlərindən biridir:

 

 

Uzaq... uzaq...
             
Mənim incilərim hara daşındı?!
Bəlkə yaddaşımdır, bəlkə yaşımdır;
Sellər sal daşımı yudu apardı,
Xatirə gözlərin çıxıb yadımdan,
İllər yaddaşımı yudu apardı -
Gözümdən yaş kimi üzülüb gedib.
Saçın pəncərədə pərdələnərdi
O da qumaş kimi süzülüb gedib -
Sozala-sozala sönüb o çıraq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Xatirə ulduza, xatirə aya,
Necə baxacağam mən bu dünyaya?
Daha səndən sonra şöhrət-şanım yox,
Sənə oxşatmağa bir nişanım yox,
Toranlıq içində bir xəyal sayaq,
Uzaq... Uzaq... Uzaq.. Dünyadan uzaq.

Qalsaydı aynada zərrə şəfəqin,
İşığı mənə də, bəlkə düşərdi.
Ruhun  yaşamağı yalandır yəqin,
Olsaydı üstümə kölgə düşərdi -
Nə yerdə xəbər var, nə göydə soraq
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.
             
Bilmirəm, haradansa səsin gələrdi,
Deyərdim, yuxuma gəlsin, gələrdi.
İndi gecə uzun, gündüzlər yasaq,
İndi qürub yaxın, indi dan uzaq.

Allah, xatirə də ölərmiş belə,
İllər izimizi silərmiş belə...

Dünyanın sükutu üstümə enir,
Nə yarpaq oxuyur, nə çay danışır,
Nə torpaq diksinir, nə cığır dinir,
Yol duman içində, çöl-bayır sazaq,
Qapanıb o qapı, sönüb o ocaq,
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq. 

Sənli xatirəmi necə ayıldım?
Mən necə qayıdım evə-eşiyə-
Hicrana qayıdım, qəmə qayıdım,
Mən hara qayıdım, kimə qayıdım?
Şimal qütbü kimi xatirə otaq...
Uzaq... Uzaq... Uzaq... Dünyadan uzaq.

Bələd deyiləmmiş yaddaş sirrinə...
Dözdüm son dözümə, son taba kimi..
Payızlar bənzəmir biri-birinə,
Xınalı barmağın bir xəzəl üstə
O da əriyibmiş kəhrəba kimi -
Kəsilib o budaq, gedib o yarpaq...
Nə xəzan rəngi var, nə yazdan soraq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

Göynədi yaddaşı kor olan sinəm,
Bu hansı özüməm, bu hansı mənəm?
Mən məndən alınıb, cismi-can uzaq,
Nə fərqi, ya dünən, ya min il qabaq,
Məzar növbəsini dəyişdi torpaq -
Uzaq...Uzaq...Uzaq... Dünyadan uzaq.

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.