Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 499; 2026, № 1, maddə 19) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.8-ci maddədə “mədəniyyət sənayesi –” sözləri “mədəni və yaradıcı sənaye – mədəniyyətə və yaradıcılığa əsaslanan iqtisadi fəaliyyət növlərinin məcmusundan ibarət iqtisadi münasibətlər sistemi, habelə” sözləri ilə əvəz edilsin.
2. 3.2.15-ci maddədə “mədəniyyət, o cümlədən əyləncə sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.
3. 4.0.1-ci maddədə “mədəniyyət sənayesi” sözləri “mədəni və yaradıcı sənaye” sözləri ilə əvəz edilsin.
4. 5.3-cü maddə ləğv edilsin.
5. 14.2.2-ci və 27.3-cü maddələrdə “mədəniyyət sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 45.4-cü maddə əlavə edilsin:
“45.4. Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Mənbə: President.az
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)
Mədəniyyət sahəsində qrantların verilməsinin yeni qaydası müəyyənləşdi
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərə əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiqurum müəyyən edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


