İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1995-ci ilin bu günündə Parisdə YUNESKO-nun Baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəsləməyə çağırıblar.
Elə həmin konfransda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, həmçinin uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edilib.
YUNESKO bu günü dünya şöhrətli dramaturqlar Uilyam Şekspirin, Migel de Servantesin və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanin şərəfinə müəyyənləşdirib. Bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması, başqa sözlə, “Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna” yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, “onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur”. Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


