Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Artıq öyrəşmişik... bu gün müxtəlif proqramlardakı effektlərlə selfi və video çəkməyə, onları paylaşmağa. Effektsiz kamera ilə qarşılaşanda isə sanki ondan qaçırıq. Filtrlər reallığı dəyişdirir, amma buna baxmayaraq, bu hal gündəlik vərdişə çevrilib. İnsanlar getdikcə təbii görünüşdən uzaqlaşaraq daha “mükəmməl” obraz yaratmağa çalışırlar. Bu isə real görüntü ilə sosial şəbəkədə təqdim olunan sima arasında fərqi artırır. Nəticədə, virtual mühitdə formalaşan görünüş anlayışı cəmiyyətin estetik və psixoloji baxışlarına təsir göstərir.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “Ədəbiyyat və incəsənət” portalına açıqlama verib. Psixoloqun qeyd etdiyi kimi, sosial şəbəkələr sosiallaşmamız üçün lazım olan, bizim ehtiyacımız olan, ümumiyyətlə fikirlərimizi, düşüncələrimizi və ya həyat tərzimizi, fəaliyyətimizi bölüşməyi daha asan bacardığımız, sanki üzdə, üz qabığında olmaq, özümü göstərmək, “mənim haqqımda informasiyanız olsun” deməyə bənzər bir hissəmizdir:
"Çünki insanın ümumiyyətlə müxtəlif ehtiyacları var, bu da bizim bir ehtiyacımızdır.
İnsan “məni görün, mən buradayam” demək istəyir. Lakin təəssüf ki, sosial şəbəkələri hamımız bu ad altında qəbul etmirik. Sosial şəbəkə bir çoxlarımız üçün aqressiyamızı göstərə biləcəyimiz bir mühitdir. Bu aqressiyanın əslində başlanğıcı və bunun psixoloji səbəbləri var ki, biz niyə aqressiv oluruq? Bu, travmalarımızdan dolayı yaranır və bizi narahat edən bir hissəmiz olur. İnsan olaraq o aqressiyamızı real həyatda boşaltmaq və ya ifadə etmək üçün yerimiz olmadığı üçün sosial şəbəkələrdən istifadə edərək yola çıxırıq və bunu edən zaman əlbəttə ki, qarşılıq gələ biləcəyi ehtimalı var. Biz sadəcə aqressiyamızı boşaltmaq istədiyimizə görə, qarşılaşacağımız cavablara hazır deyilik, zənnimiz buna hazır deyil. Bu halda biz filtrlərdən, maskalardan istifadə edə bilirik və ya feyk profillər açırıq, yaxud saxta yazılar yazırıq.
Çünki bizə lazımdır ki, müdaxilə edək, fikir bildirək və ya əzdiyimiz insanların, məsələlərin fonunda özümüzü daha üstün hesab edək. Bu, bizim yaralı hissəmizdir və bu yaraları sanki sağaltmış olur bir çox insan sosial şəbəkələrdə maskalanaraq ortalığa çıxmaqla. Belə şərait yaradılır".
G. Rüstəmovanın fikrincə, əgər hər kəs özü ilə məşğul olsa, daxilindəki özünə yönəlik aqressiyanı hesablamaq, araşdırmaq, bunun səbəbini aydınlaşdırmaq istəsə, bu məsələlərə son qoyulma ehtimalı böyükdür:
"Təəssüflər olsun ki, bəzilərimiz bunun fərqində deyilik. Təəssüflər olsun ki, bəzilərimiz üçün bu daha rahat bir yoldur ki, “məni tanımırlar, məni bilmirlər” deyə düşünərək cəmiyyətə, insanlara və ya baş verən hadisələrə münasibətimizi bildiririk və bundan sonra sözümüzün arxasında dura bilmirik. Çünki özümüz də şüurun altında bilirik ki, düşüncələrimiz o qədər də adekvat olmaya bilər və ya kütlə tərəfindən düzgün qarşılanmaya bilər, ya da fikirlərimizə görə mənsubiyyət daşıdığımıza görə sorğu-sual edilə bilərik. Bax, maskalanma bunun üçün gərək olur insanlara. Buna özgüvənsizlik deyə bilərsiniz, diqqət çəkmək, inamsızlıq deyə bilərsiniz. Amma bunun bəzi səbəblərini biz izah etsək, insanlar bunun fərqində olsalar, düşünürəm ki, bunu etməyi ya tərk edəcəklər, ya da bir-iki dəfə düşünəcəklər ki, mən bunu edib-etməyim.
Çünki maskalanmaq əslində məni gizlətmək deməkdir, “məni görün” demək deyil. Bu, bir mərhələ daha fərqli dalğadır, fərqli frekansdır. Mən sözümü deyə biləcək varlıq deyiləm, beynimdə, zənnimdə formalaşdırdığım bir varlıqam və başqa bir obraza girərək real fikirlərimi ifadə edə bilirəm".
“Ədəbiyyat və incəsənət”
(26.03.2026)


