Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, nasir Şövkət Zərin Horovlunu 85 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə Şövkət Zərin Horovlunun ədəbi və ictimai fəaliyyətinin əsas məqamlarına vurğu edilib:
“Hörmətli Şövkət xanım,
Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Cəbrayılın, Horovlunun dirçəlişinin, “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən canlanmasının yaratdığı böyük sevinc və qürur hissi ilə qeyd edirsiniz.
Siz uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, eyni zamanda poeziya və nəsr sahəsində məhsuldar yaradıcılığınızla oxucu rəğbəti qazanmış qələm sahibisiniz. Yaradıcılığınızda yurd sevgisi, vətənə bağlılıq, qadın duyğusunun incəliyi və mənəvi dayanıqlıq əsas xətt kimi özünü aydın şəkildə göstərir.
Sizin “Çinar həsrəti”, “Mən Arazın qızıyam”, “Sözün işığı”, “Dünya, səndən nigaranam”, “Ürəyim dan yeridir”, “Sənsiz ağlayan nəğmə”, “Arazdan gələn səslər”, “Axırıncı gediş” və digər əsərləriniz
yaradıcılıq dünyanızın təzahürüdür. Ədəbiyyat sahəsində xidmətlərinizə görə “Rəsul Rza” və digər mükafatlarla təltif olunmusunuz.
Hər il Novruz bayramı ilə eyni vaxta təsadüf edən doğum gününüzün bu il Ramazan bayramı ilə də üst-üstə düşməsi yubileyinizə xüsusi mənəvi dəyər qatır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və oxucu sevgisi arzulayıram.
Sözünüz işıqlı, ömrünüz bərəkətli, könlünüz hər zaman ilhamlı olsun”!
“Ədəbiyyat və incəsənət”
(24.03.2026)


