Torpaq Çərşənbəsi: Yaradılışın tamamlandığı gün Featured

 

Nərgiz Mustafayeva,

 Gəncə, “Ədəbiyyat və incəsənət” 

 

Su oyanıb aydınlıq gətirdi, Od hərarət bəxş etdi, Yel isə təbiəti nəfəsi ilə hərəkətə gətirdi. İndi isə növbə ana Torpağındır. Xalq arasında İlaxır çərşənbə” adlanan bu müqəddəs gün yaradılışın tamamlanmasını, dirilişin və bərəkətin təntənəsini simvolizə edir. Əcdadlarımızın inancına görə, məhz bu gün Torpaq oyanır, öz qoynundakı bütün nemətləri canlandırır və insanı ruzi ilə müjdələyir.

 

Torpaq çərşənbəsi dörd ünsürün birləşdiyi nöqtədir. Su torpağı islatmalı, Od onu isitməli, Yel isə qurudub toxuma hazırlamalıdır ki, Torpaq ana öz bərəkətini bizə sunsun. Mifologiyamızda Torpaq həm başlanğıc, həm də son mənzildir. Ona görə də İlaxır çərşənbədə torpağa ehtiram xüsusi yer tutur. Deyilərdi ki, bu gün torpağı incitmək olmaz; çünki o, yeni həyatın (cücərtinin) sancısını çəkir.

Bu çərşənbə sübh daxil olandan gecə yarısına qədər rituallarla zəngindir:

​“Papaqatdı”: Gənclərin və uşaqların ən sevimli adətidir. Qapılara atılan papaqlar bayram sevincini bölüşmək, küsülülərin barışması üçün bir vəsilədir.

Qulaq falı”: Axşam vaxtı qonşuların qapısını pusmaq və eşidilən ilk sözə görə niyyət tutmaq qədim bir inancdır. Buna görə də bu gün hər evdə yalnız şirin və xoş sözlər danışılmalıdır.

“Tonqal qalanması”: İlaxır çərşənbə tonqalı sadəcə bir atəş deyil, ruhun qışın ağrılığından xilas olub paklanması ayinidir. Gecəni nura qərq edən tonqallar, əcdadlarımızın minilliklərdən süzülüb gələn “odla arınma” inancının təzahürüdür. İnsanlar tonqalın üzərindən tullanarkən “Ağırlığım-uğurluğum oda tökülsün” deyirlər. Bu, ötən ilin bütün dərd-sərini, xəstəliyini və mənfi enerjisini alova tapşırıb, yeni ilə günəş kimi parlaq və torpaq kimi pak başlamaq niyyətidir. Adətə görə, bir tonqalın üzərindən yeddi dəfə tullanmaq kainatın yeddi qatı ilə bütövləşməyi simvolizə edir.

İnsanların inancına görə tonqal özü sönməlidir, çünki suyu oda tökmək bərəkəti söndürmək sayılır. Sönmüş tonqalın külü isə bərəkət rəmzi kimi bağ-bağata, əkin sahələrinə səpilərdi ki, ocağın hərarəti torpağın bağrına hopsun.

 

Bu gün hər kəs təzə paltar geyinməyə çalışır. Evlər sonuncu dəfə ətirlənir, şamlar ailə üzvlərinin sayı qədər yandırılır, əcdadların ruhu yad olunur. Çünki Torpaq həm də bizi köklərimizə bağlayan ən güclü bağdır.

İlaxır çərşənbənin süfrəsi xalqımızın kulinariya sənətinin nümayişidir. Yumurta boyama - yumurta xalq təfəkküründə dünyanı, kainatı təmsil edir. Yumurtanın boyanması dünyanın yenidən nizamlanması deməkdir. Yumurtanın rənglərinin mənası belə izah olunur ki, qırmızı - odu (və ya günəşi), yaşıl - təbiəti, sarı - ayı və ulduzları təmsil edir. Yumurta döyüşdürmək isə bir növ “köhnə ilə yeni”nin mübarizəsi və yeninin qalib gəlməsidir.

İlaxır çərşənbədə süfrəyə qoyulan şirniyyatların formaları göy cisimlərini təmsil edir:Şəkərbura - Ayın təsviridir, üstündəki naxışlar isə ayın kraterləri və ya ulduzları kimi qəbul olunur, Paxlava - ulduzun (və ya dörd ünsürün: od, su, yel, torpaq) rəmzidir, Qoğal - parlayan günəşin simvoludur.İlaxır çərşənbə süfrəsi bir kainat xəritəsidir. Qoğalla Günəşi, şəkərbura ilə Ayı, paxlava ilə Ulduzları süfrəmizə dəvət edirik. Yumurtanı boyayarkən dünyanı rəngləyir, şamı yandırarkən qəlbimizdəki ümidi alovlandırırıq. Belə süfrə sadəcə nemətlər yığını deyil, insanın təbiətlə bütövləşmə ayinidir.

Torpaq çərşənbəsi bizə xatırladır ki, insan nə qədər göylərə ucalmağa çalışsa da, kökü həmişə torpaqdadır. Bu gün sadəcə torpağın deyil, daxilimizdəki xeyirxahlıq toxumlarının da oyanış günüdür.

Qoy bu İlaxır çərşənbə hər birinizin ocağına ruzi, qəlbinə isə torpaq qədər səbir və bərəkət gətirsin.

 

 

Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.