Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai! Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ey, gənc, bir anlıq ayaq saxla, dur. Əgər sənə Əli bəy Hüseynzadə adı heç nə demirsə, demək ki, bu yolu getməyinə dəyməz. Demək ki, sən əsl azərbaycanlı, millətsevər, vətənpərvər deyilsən. O, Azərbaycan Cümhuriyyətinin ideoloji banisidir.

“Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar” – bu sözlər ona aiddir.

 

Bu gün böyük azərbyacanlı, böyük türkçü Əli bəy Hüseynzadənin anım günüdür.

Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşayıb və ilk təhsilini də bu məktəbdə alıb. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyüyüb.

Tiflis gimnaziyasını bitirib, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin söhbətlərindən faydalanıb və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanınıb. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olub.

Görkəmli ictimai xadim Ziya Gökalp Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millətsevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazıb. Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyüyüb. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşıb.

Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olub. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilib. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edib. Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirib.

Əıi bəy 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, "Xalqçılar" hərəkatına rəğbət bəsləyib.

Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlib və burada Darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib.

Ə. Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə. Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb. Ə. Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınıb

Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayıb. Bu qəzet Ə. Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Ə. Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

Həqiqətin də dadı və ləzzəti var.

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər…

Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur…

 

***

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

"Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı:

 "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!"

 Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazıb:

Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülüb və müdafiə edilib. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulub. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı.

Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapıb: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapıb. Ziya Gökalp "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxarıb.

 

Azərbaycan Cümhuriyyətinin ideoloji banisi Əli bəy Hüseynzadənin 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki materiallar mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" düsturunun müəllifi Əli bəy Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir

1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanıb. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin "İqdam", "Təsviri-əfkar", "Tan" kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunub.

 

Əsərləri

- Qırmızı qaranlıqlar içində yaşıl işıqlar

- Türklər kimdir və kimlərdən ibarətdir?

- Qərbin iki dastanında türk

- Seçilmiş əsərləri

- Seçilmiş əsərləri 1-ci cild

- Seçilmiş əsərləri 2-ci cild

- Əbədi gözəlliklər

- Nicat məhəbbətdədir

 

Azərbaycanın mütəfəkkir yazıçısı Əli bəy Hüseynzadə 17 mart 1940-ci ildə 76 yaşında vəfat edib.

 

Xatirəsi

- 2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

- Bakı, Bərdə, Şirvan, Xankəndi, Quba, Göygöl, Salyan, Şəmkir və s. şəhərlərində küçələrdən biri Əli bəy Hüseynzadənin adını daşıyır.

- Bakı və Mingəçevir şəhərlərində Əli bəy Hüseynzadənin adını daşıyan parklar açılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.