SOS: Gənc jurnalistə qarşı rəqəmsal hücum – kibercinayətkarların yeni hədəfi tələbələrdir Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son günlər sosial şəbəkələrdə baş verən bir hadisə Azərbaycan cəmiyyətini ciddi şəkildə düşündürməlidir. Belə ki, Bakı Dövlət Universiteti-nin Hüquq fakültəsinin tələbələri bir neçə gün əvvəl şantaj və təhqir kampaniyasının qurbanına çevrilib. Məlumata əsasən, həmin fakültəyə qəbul ola bilməyən 25-26 yaşlı bir şəxs süni intellekt texnologiyalarından istifadə edərək tələbələrin şəkillərini montaj edib, onları təhqiramiz formada sosial şəbəkələrdə yaymağa başlayıb.

 

Bu artıq sadəcə bir “internet zarafatı” deyil. Bu, açıq şəkildə kibercinayət, şantaj və psixoloji terrordur. Gənclərin şəxsi həyatı ilə oynamaq, onların nüfuzuna zərbə vurmaq və sosial şəbəkələrdə linç mühiti yaratmaq cəmiyyət üçün ciddi təhlükədir.

Məlumata görə, həmin şəxs saxlanılıb. Lakin məsələ bununla bitməyib. Görünən odur ki, bu çirkin kampaniya tək bir nəfərin işi deyilmiş.

Qeyd edək ki, onun davamçıları müxtəlif saxta hesablarla eyni üsulu davam etdirir və artıq hədəf dairəsini genişləndirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə qarşı da oxşar təzyiq üsullarına əl atırlar.

Ən narahatedici məqam isə budur ki, texnologiyanın inkişafı ilə yanaşı insanlıq dəyərləri geriyə gedir. Süni intellekt elmi inkişaf üçün yaradılıb, lakin bəzi xəstə təfəkkürlü insanlar onu gənclərin şərəf və ləyaqətini tapdalamaq üçün alətə çevirirlər. Bu isə artıq təkcə hüquqi məsələ deyil,  bu, cəmiyyətin mənəvi deqradasiyasıdır.

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Dilşad Məmmədəliyevaya müraciət etdik. O, baş verənlərlə bağlı Ədəbiyyat və İncəsənət portalına açıqlamasında belə deyib:

“Mən jurnalist və publikatram. Mən də bu mövzu ilə bağlı danışıb paylaşmaq istəyirdim. Lakin kibercinayətkarın saxlanıldığı xəbəri yayılandan sonra düşündüm ki, məsələ artıq həllini tapıb və buna görə paylaşım etmədim. Ancaq sonradan tələbələrin yenidən şantaj olunduğunu gördükdə mövzuya laqeyd qala bilmədim və şəxsi hesabımda bu barədə fikirlərimi paylaşdım. Hiss edirdim ki, onlar belə bir şey edəcəklər. Hazırda bu işi davam edənlər isə özü kimi olan dostlarıdır. Səhifələri spam etsək də müxtəlif adlarda nə qədər hesablar açırlar. Bu həqiqətən də psixoloji təzyiqdir. Kibercinayətkarlığın qurbanı olanların yanında olub onları müdafiə edərkən öz başımda çatladı məsələ”.

Bu sözlər əslində problemin miqyasını açıq şəkildə göstərir. Bir qrup insan sosial şəbəkələrdə gizlənərək gənclərə qarşı rəqəmsal zorakılıq həyata keçirir. Onlar anonimlikdən istifadə edib insanların həyatını kabusa çevirirlər.

Sual isə açıq qalır: Bir nəfər saxlanıldısa, niyə bu çirkin kampaniya hələ də davam edir? Süni intellekt texnologiyasından istifadə edərək insanları təhqir etmək və şantaj etmək yalnız bir nəfərin məsuliyyəti deyil. Bu, təşkilatlanmış kibertəzyiq şəbəkəsinə çevrilirsə, artıq daha ciddi tədbirlər görülməlidir.

Çünki bu gün hədəf tələbələrdir. Sabah isə eyni üsul istənilən insanın həyatını məhv etmək üçün istifadə oluna bilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.