Kaliforniyada Xocalı şəhidlərinin əziz xatirəsi yad edilib

 

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) nəzdindəki Azərbaycan Gənclər Rəqs Ansamblının növbəti dərsləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şagirdlər əvvəlcə Xocalıda şəhid olan günahsız insanların əziz xatirəsini dərin ehtiramla yad edib, xüsusi hazırlanan guşənin önünə güllər düzüblər.

Cəmiyyətin bədii rəhbəri Anar Allahverdov xalqımızın yaddaşına qanla yazılan 1992-ci il 26 fevral tarixinin mahiyyətindən danışıb. Xocalı həqiqətlərinin unudulmamasının, qurbanlarının xatirəsinə hörmət göstərilməsinin və belə faciələrin bir daha təkrarlanmamasının vacibliyini vurğulayıb.

Dərsdə, həmçinin tarixi yaddaşın qorunmasının və onun gənc nəsillərə ötürülməsinin əhəmiyyəti barədə söhbət aparılıb.

Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.