Saraydan minarəyə Featured

Fariz Əhmədov,

Naxçıvanteleviziyasınınbaş redaktoru.“Ədəbiyyatvə incəsənətportalınınNaxçıvan təmsilçisi

 

Müharibə heç zaman uğur gətirmir. Daima qırğınlar, talanlar və qarətlərlə yadda qalır. Adətən müharibə dönəmində rejim dəyişilir və bu da qurbansız ötüşmür. Dinc əhali, məsum uşaqlar və ən əsası heç bir siyasətə alət olmayan günahsız xalq bu qırğınların qurbanı olur. Belə dönəmlərdə müharibədən də pis düşmən var: kütlə!

 

Kütlə psixologiyası mənə görə canlı bombadır. Harda varsa, orada qırğın var, talan var, qarət var. Bəlkə də müharibə o qədər ziyan vurmur ki, ölkəyə “canlı bomba” adlandırdığımız kütlə psixologiyası daha çox ziyan vurur. Hər zaman onlar alət rolunda olur. Onların əli ilə müharibə ocaqları aktiv hala gətirilir.

Təbiət də belə yaradılıb. Güclülər zəifləri yeyərək həyatda qalmağa çalışır. Sağlam heyvanlar yığışıb xəstə heyvanı yeyir və beləcə həm həyatda qalır, həm də təbiəti mühafizə etmiş olurlar. Bu qanun həm insanlar üçün, həm də dövlətlər üçün keçərlidir.

Düşünürəm, qonşular da xalqlara verilmiş bir imtiyazdır. Qonşu heç zaman qonşunun pisliyini istəməz. İstəməz ki, onun ayağına daş dəysin. Amma və lakin bəzi hallarda bunun qarşısını almaq mümkün olmur. Ərazi iddiaları, güc iddiaları, hərc-mərclik, çəkişmələr və intriqalar bu alovu daha da körükləyir.

Çoxdan bir kitab oxumuşdum: “Yıxılan rejimin, bitməyən eşqin hekayəsi”. Kitab sonuncu Pəhləvi şahı daxil olmaqla Pəhləvilərin çöküşündən, dini rejiminin hakimiyyətə gəlməsindən və xalqın küçələrə çıxıb “bayram” etməsindən bəhs edən bir kitabdır. Bu hadisə təxminən 1979-cu ildə baş verib. O zaman da “azadlıq aşiqləri” və yaxud kütlə küçələrə tökülərək iğtişaşlar yaradır, dövlətin malını qarət edir, inzibati binaları dağıdır və ən əsası isə günahsız və məsum insanları öldürürdülər. Məscidlər siyasi tribunaya çevrilir, inanc burada təkcə metafizik deyil, siyasi enerjiyə sahib olurdu.

Böyük bir çək-çevirlə şah rejimi süqut etdi və yerinə dini rejim gəldi. Nə qədər dini rejimi dəstəkləyən qüvvə var idisə, bir o qədər də şahçı var idi. Təqribən 47 il keçir o hadisədən və biz bir daha rejimin süquta uğradığına şahidlik edirik. Yenə rejim dəyişikliyi, yenə günahsız insanların qətliamı və yenə zərər görən bir millət.

Biz bu gün qonşuluqda baş verən müharibəni dəstəkləməyən ölkələr sırasındayıq. Tərəfləri daima sülhə səsləyirik. Sabitliyi qorumağa və əmin-amanlığı bərpa etməyə çalışırıq. Biz bu çağırışı illərcə müharibə şəraitində yaşayan bir ölkə olaraq edirik. 30 ilə yaxın içinə sürükləndiyimiz müharibə nə qədər millətimizə və ölkəmizə zərər verdi, bunu biz bilirik. Hər dəfə səngərdən şəhid xəbəri bizi 30 il gözüyaşlı qoydu. Son söz isə döyüş meydanında deyildi. Lakin Azərbaycanın apardığı bu haqq savaşında heç bir günahsız insan tələf olmadı. Bu müharibənin qalxanı qondarma rejim yaradanların başına qaxac oldu. İndi qarşı tərəf özü də anlayır və dərk edir ki, illər boyu aparılan müharibə siyasəti heç kimə xeyir vermədi.

İran–İsrail və Amerika müharibəsi güllələrdən daha çox qorxunun, ideologiyadan daha çox inamın, siyasətdən daha çox isə insan ruhunun ehtiyaclarından xəbər verir. Dönüb sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin dövrünü xatırlasaq, görərik ki, ölkə daha çox zahirdə modernləşmə, sənayeləşmə və qərbləşmə ilə yadda qalıb. O dövr “Ağ inqilab” torpaq islahatları, qadınlara seçki hüququ, təhsil imkanlarının genişlənməsi ilə xatırlanır. Bu modernləşmənin sürəti xalqın mədəni və dini şüurundan daha sürətli idi.

Kənddən şəhərə köç edən, ənənəvi dünyagörüşü ilə neft pullarının gətirdiyi yeni həyat tərzi arasında qalan insan özünü toparlaya bilmirdi. Şahın təhlükəsizlik orqanı SAVAK qorxu atmosferi yaradaraq dissidentləri susdururdu. Qorxu ilə modernləşmə paralel yürüdüləndə cəmiyyət zahirən sakit, daxilən isə partlayışa hazır olur.

İllər keçdi, ay dolandı, şah devrildi. İran cəmiyyətində qərb tipli modernlik çoxlarına azadlıqdan çox boşluq kimi göründü. Bu boşluğu isə din doldururdu. Müqəddəslik siyasi hakimiyyətə çevrilərək sərt mexanizmlər tətbiq olundu. Xalq qorxudan qaçaraq inanca sığındı, inancın siyasi forması isə yenidən qorxu yaradırdı. Hakimiyyət insanın içindəki hər şeyi soyunduraraq minlərlə adsız məzarları hər gün qırmızı qərənfillərlə süslədi. “Böyük Şeytan”, “Kiçik Şeytan” ritorikası daxili problemləri xarici təhlükə ilə əsaslandırmağa xidmət etdi. Sanksiyalar istər-istəməz iqtisadi çətinliklər yaratdı. Məqsədlər və hədəflər üst-üstə düşmədi. Biri sekulyar liberalizmlə idarə olunduğu halda, digəri teokratik idarəetmə modelinə üstünlük verdi.

Müharibələr hər kəsə göstərdi ki, dəqiq hesablamalar yuxudan oyanmağa aman vermədiyi halda, dini yalvarışlar qatı toz dumanına dönüb nəfəsləri kəsdi. Çünki mərmi trayektoriyası dua ilə deyil, fizikanın qanunları ilə dəyişir. Mistik ümid sadəcə təsəlli verib mənəvi dayaq qazandıra bilər. Biri qəlbin sakitliyini təmin etdiyi halda, digəri həyatın təhlükələrinə qarşı konkret həll yolları tapır. Düşünürəm ki, İranın hekayəsi hələ bitməyib. O, həm roman, həm dram, həm də yarımçıq qalmış bir şeirdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.