Ey jurnalist, xəbər yazdın, yoxsa insan ovuna çıxdın? Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və İncəsənət

 

Ötən günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən rəyasət heyətinin iclasından yayılan bir neçə görüntü sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Kadrlarda iclas zalında əyləşmiş bəzi alimlərin gözlərini yumduğu anlar paylaşılaraq məsxərə obyektinə çevrildi. Bir anlıq kadr uzun illərin zəhmətini kölgədə qoymaq üçün kifayət etdi.

 

Amma sual yaranır: həmin görüntünü çəkən və paylaşan insanlar heç düşünürmü ki, o zalda əyləşən şəxslər təsadüfi insanlar deyil? Onların hər biri onilliklər boyu elmi araşdırmalar aparmış, gecələrini kitablar, laboratoriyalar, arxivlər arasında keçirmiş insanlardır. Alimlik dərəcəsi sosial şəbəkədə status yazmaqla deyil, ömrün böyük hissəsini elmə həsr etməklə qazanilir.

Bir insanın iclas zamanı bir neçə saniyə gözünü yumması doğrudanmı cəmiyyət üçün faciədir? Yorğunluq insanidir. Saatlarla davam edən müzakirələrdə diqqətin bir anlıq yayınması təbiidir. Həmin anı lentə alıb paylaşmaq əvəzinə iclasın bütövlüyünə baxmaq daha ədalətli olmazdımı? Bəlkə də həmin alim iclasın əvvəlindən sonuna qədər müzakirələri diqqətlə izləyib, qərarların formalaşmasında iştirak edib.

Təəssüf doğuran məqam başqa yerdedir: elmə münasibətdə yaranan  yanaşmadadır. Bu gün kitab oxumayan, elmi müzakirələrin ağırlığını anlamayan,  zəhmətin nə demək olduğunu bilməyən insanlar alimləri məsxərəyə qoymaqda özlərini haqlı hesab edirlər.  Alimi kiçiltmək asandır. Çətin olan onun çatdığı zirvəyə doğru bir addım belə ata bilməkdir. Bir elmi məqalə yazmağın, bir monoqrafiya ərsəyə gətirməyin, illərlə tədqiqat aparmağın nə demək olduğunu anlayan insan heç vaxt bir kadr üzərindən hökm verməz.

 

 

 

Və burada ən düşündürücü məqam odur ki, həmin görüntünü çəkib yaymağa çalışan şəxs özü də jurnalist kimi təqdim olunur. Əgər doğrudan da jurnalistdirsə, onda bir sual ünvanlamaq yerinə düşər: Ey jurnalist, sən jurnalist etikasının ən sadə prinsipini bilirdinmi? Kiminsə razılığı olmadan onu gizlicə çəkib ictimai məsxərəyə çevirməyin peşə davranışı ilə uzlaşmadığını anlayırdınmı, yoxsa bilmirdin?

Çünki jurnalistikanın məqsədi insanı alçaltmaq deyil, həqiqəti göstərməkdir. Peşə etikası sensasiya yaratmaq naminə insan ləyaqətini hədəfə almağa icazə vermir. Əgər bir neçə saniyəlik görüntü üzərindən alimlər mühakimə olunursa, onda eyni meyarla jurnalistin də peşə məsuliyyəti müzakirə olunmalıdır.

Bəlkə problem alimlərin gözünü yummağında deyil. Bəlkə problem cəmiyyətin elmin qarşısında gözünü yummağa başlamasındadır.

Çünki elmə hörmət azaldıqca, məsxərə artır. Elm adamı deyil, elmə münasibət yorulur. Mənə gəldikdə isə, konfranslarda bəzən gözümü yumuram, hətta yuxuya dalıram. Yaxşı da edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.