Köynəyinin qolunu kəsib əsgərin yarasını sarıyan şəhid Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və İncəsənət

 

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının himni ilə başlanılıb. Daha sonra şəhidlər bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

 

Çıxış edənlər bildiriblər ki, müharibəni qazanmaq mümkün olsa da, bu qələbə böyük itkilər bahasına başa gəlib. Birinci Qarabağ müharibəsində 20 minə yaxın şəhid verildiyi vurğulanıb, onların qisasının Ali Baş Komandanın rəhbərliyi, qazilərin və şəhidlərin şücaəti sayəsində alındığı qeyd olunub.

Tədbirdə Füzuli Rüstəmovun döyüş yolundan danışılıb. Bildirilib ki, o, hadisələr zamanı istəsəydi həyatını xilas edə bilərdi. Lakin o, son ana qədər insanlara kömək etməyi seçib və qəhrəmancasına şəhid olub. Qeyd edilib ki, Füzuli Rüstəmov təkcə Xocalının deyil, bütövlükdə Azərbaycanın qəhrəmanıdır.

Onun haqqında yazılmış “İgid ömrü” kitabının müəllifi, yazıçı-publisist Məlikməmməd Zöhrablı çıxışında bildirib ki, kitabın adını seçmək asan olmayıb. Müəllif qeyd edib ki, Füzuli Rüstəmov dəfələrlə mühasirədə qalan insanları xilas edib, sonuncu dəfə isə səhərə yaxın boğazından vurularaq ağır yaralanıb və çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Tədbirdə çıxış edənlər Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıblar. Qeyd olunub ki, dövlət başçısının şəhid ailələri ilə səmimi görüşləri bu diqqətin bariz nümunəsidir.

Anım mərasimində Füzuli Rüstəmovun həyat və döyüş yolundan bəhs edən xatirələr səsləndirilib, onun əziz xatirəsi ehtiramla yad edilib.

Ermənilərin “genosid günü” kimi qeyd etdikləri tarixdə əsir düşən azərbaycanlı həkim Məmməd Nagiyevin taleyi tədbirdə xüsusi olaraq xatırlanıb. Bildirilib ki, o, əsirlikdə olmasına baxmayaraq, yaralılara yardım etməkdən imtina etməyib. Sarğı üçün tibbi ləvazimat tapılmadıqda köynəyinin qollarını kəsərək yaralının yarasını bağlayıb.

Şahidlərin sözlərinə görə, ermənilər onu edama apararkən qadınlar və qızlar fəryad edərək, “Üç balam var idi, üçünü də əlimdən aldınız” deyə haray çəkiblər. Bu səhnələrin iştirakçıların yaddaşında silinməz iz buraxdığı vurğulanıb.

Tədbirdə Şamil və Hüseynağanın əsirlik xatirələri də danışılıb. Qeyd olunub ki, Hüseynağanı əsirlik zamanı buzun üzərinə qoyaraq işgəncə veriblər, ondan müxtəlif məlumatlar tələb ediblər. Daha sonra uşaqlarını gətiriblər. Üst-başı qan içində olduğu üçün uşaqlar atasına yaxınlaşmağa qorxublar. Onun gözü qarşısında Faiq Əliməmmədovun bədəninə 32 güllə yeridildiyi bildirilib. Hüseynağanın çənəsi sındırılıb.

Daha sonra anasını çağırıblar. Anası oğlunu aparmaq istəyəndə ona meyit olduğunu deyiblər. Ana son dəfə sağollaşmaq istədiyini bildirib. Dayısı isə onun öldüyünü deyərək tələsdirib. Lakin ana oğlunun burnunda su olduğunu görərək nəfəs aldığını hiss edib. Nəbzi yoxlanıldıqda Hüseynağanın sağ olduğu məlum olub. O, müalicəyə göndərilib və altı ay sonra ailəsinə qovuşa bilib.

Çıxış edənlər qeyd ediblər ki, o, ölümə aparıldığını bildiyi halda belə heç kimin adını çəkməyib, heç kəsi satmayıb.

Tədbirdə vurğulanıb ki, bu cür hadisələr xalqın yaddaşında silinməz iz qoyur və əsirlikdə belə insanlıq və ləyaqətin qorunduğunu göstərir.

Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu  açıqlamasında Xocalı soyqırımı zamanı çəkdikləri şəkillərin bəzilərini hələ də yayımlamadığını deyib:

"O zamanların şərtləri ilə yayımlaya bilməzdim.  Artıq müstəqilliyimizə də qovuşmuşuq. Lakin bir gün arxivdə yerləşdirə bilərəm. Bu görüntülər elə görüntülərdir ki, sakinlərin amansızca  öldürüldüyünün sübütudur. Bəlkə də o gördüklərimdən sonra saçlarım ağardı".

Ş.Sabiroğlu qeyd edib ki, Fizulinin 60 illik yubileyi keçirildi . Lakin o həyatda yoxdur".

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.