Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Tarix səhnəyə çıxanları sevir. Adı tribunadan çəkilənləri, medalla sinəsi bəzənənləri, alqış sədaları altında görünənləri… Amma tarix həmişə görünməyənləri yazmır. Halbuki çox vaxt səhnənin taleyini məhz pərdə arxasında dayananlar müəyyən edir.
22 fevral — Kəşfiyyatçılar Günüdür.
Bu tarix təsadüfi deyil. 1919-cu ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərbi Nazirliyin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. O gündən etibarən milli təhlükəsizliyin görünməyən sipəri formalaşmağa başladı. Bu ənənə sonrakı dövrlərdə də davam etdi və bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində hərbi kəşfiyyat ayrıca və strateji əhəmiyyət daşıyan sahə kimi fəaliyyət göstərir.
Kəşfiyyatçı kimdir?
O, ünvanı olmayan məktub kimidir — var, amma görünmür. O, döyüşün ən ön xəttində olmaya bilər, amma döyüşün taleyi çox vaxt onun gətirdiyi bir məlumatdan asılı olur. Bəzən bir koordinat, bir səs yazısı, bir şübhəli hərəkət minlərlə əsgərin həyatını xilas edir.
Kəşfiyyat — təkcə məlumat toplamaq deyil. Bu, ağıl savaşıdır. Səbr savaşıdır. Susmağı bacarmaqdır. Hər bildiyini deməmək, hər gördüyünü göstərməməkdir. Bu peşədə qəhrəmanlıq çox vaxt anonim qalır. Uğur olanda adı çəkilmir, səhv olanda isə məsuliyyət ağır olur.
Vətən müharibəsi illərində biz cəbhədə görünən igidlərimizi alqışladıq. Amma o zəfərin arxasında koordinatları dəqiqləşdirən, düşmənin planını öncədən sezən, riskli əməliyyatlara səssizcə qatılan kəşfiyyatçılar da vardı. Onların çoxunun adı ictimaiyyətə məlum deyil. Çünki onların ən böyük uğuru məhz görünməməkdir.
Kəşfiyyatçı kölgədə qalmağı seçmir — vəzifəsi bunu tələb edir. O, tanınmamaqla Vətəni tanıdır. O, adını gizlədərək bayrağı ucaldır.
Bu gün — 22 fevralda — biz təkcə fəaliyyətdə olan zabitləri deyil, həm də bu yolda şəhid olmuş kəşfiyyatçıları ehtiramla anmalıyıq. Çünki bəzi qəhrəmanlıqlar tarix kitablarına düşmür, amma torpağın yaddaşına həkk olunur.
Onlar səssizliyin əsgərləridir.
Onlar görünməyən sipərdir.
Onlar kölgədə qalan qəhrəmanlardır.
Kəşfiyyatçılar Gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(22.02.2026)


