Cəmiyyət təhqirin və zorakılığın içindəmi batır? Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son illərdə küçələrdə və ictimai məkanlarda gördüyümüz mənzərə bir çoxlarımızı düşündürür: insanlar bir-birinə hörmətsizliklə, hətta açıq-aşkar söyüş və təhqirlə yanaşır. Yoldan keçirsən, biri digərini lağa qoyur, birini qəsdən alçaldır, bəzən isə sadəcə əsəblərini boşaltmaq üçün kobud ifadələr işlədir. Əvvəllər cəmiyyətin təməli sayılan nəzakət və hörmət indi görünməz bir kölgəyə çevrilib.

 

Qeyd edim ki, bu ancaq küçələrdə baş vermir. Sosial şəbəkələr, xüsusilə TikTok, Instagram və digər platformalarda da eyni mədəni geriləmənin şahidi oluruq. İnsanlar bir-birilərinə qarşı sərt, hətta alçaldıcı davranışlarını “əyləncə” adı altında paylaşır. Trend olmaq, diqqət çəkmək və bəzən sadəcə viral olmaq uğrunda söyüş və təhqir adi bir vasitəyə çevrilib.

Xatirimdədir, illər öncə baş vermiş zorakılıq hallarının necə yayılması. Bu, cəmiyyətimizin mədəni geriləməsinin göstəricisidir. Bir qıza qarşı bulinqin videoları yayılmışdı: başına yumurta sındırılmış, saçı kəsilmiş, alçaldıcı şəkildə məruz qalmışdı. Bir video da var idi. Məktəb çıxışı  bir oğlan döyülür, onun videosunu çəkib sosial mediada paylaşırdılar. Bu hallar yalnız fiziki deyil, həm də psixoloji zorakılıqdır-insanın ruhunu, özünəinamını sarsıdır və gələcəkdə cəmiyyətdə hörmətsizlik və empatiya çatışmazlığı yaradır. Sosial şəbəkələr isə bu vərdişi sürətlə genişləndirir: video yayıldıqca başqaları da eyni hərəkəti etmək üçün “ilhamlanır”.

Mədəniyyət nədir? İnsanlar arasında hörmət, nəzakət və bir-birinə qarşı diqqət mədəniyyətidir. Lakin indi bu anlayışlar tədricən itir. Din də insanlara xəbərdarlıq edir: sözün gücü böyükdür. İnsanların dilinə hakim olmaq, bir-birinə hörmətlə yanaşmaq cəmiyyətin əsas sütunlarından biridir. Söyüş və təhqir yalnız qısa zamanda əsəbi boşaldır, amma uzun müddətdə cəmiyyəti dağıdan bir vərdişə çevrilir.

Ən qorxulusu isə budur ki, gənclər bu davranışları normal qəbul edir. TikTok və digər sosial media platformaları gənclərə “trend olmaq” və “viral olmaq” uğrunda sərhədləri aşmağı öyrədir. Onlar düşünmürlər ki, bir söz, bir hərəkət başqasının həyatında iz buraxa bilər. Bu, təkcə şəxsi problem deyil – bütün cəmiyyətin etik və mədəni əsaslarını sarsıdan bir xəstəlikdir.

Bizim cəmiyyətimiz hara gedir? Əgər biz hər kəsin bir-birini söyməsi, təhqir etməsi, alçaldıcı hərəkətlər etməsi adi qəbul etdiyi bir cəmiyyətdə yaşamağa davam etsək, gələcək nəsillər üçün də model bu olacaq. Hörmətsizlik və kobudluq normal, nəzakət və mədəniyyət isə nadir bir hallar kimi qəbul ediləcək.

Çıxış yolu isə aydındır: hər birimiz sözlərimizə və hərəkətlərimizə diqqət etməli, söyüş və təhqiri tərgitməli, həm real həyatda, həm də sosial şəbəkələrdə hörmətli və mədəni davranışı nümunə göstərməliyik. Cəmiyyət yalnız birlikdə, hörmət və mədəniyyət içində möhkəmlənə bilər. Dilimizi və davranışımızı tərbiyə etsək, gələcək nəsillərə sağlam və etik bir cəmiyyət nümunəsi qoymuş olarıq.

Unutmayaq ki, mədəniyyət və hörmət təkcə keçmişin yadigarı deyil; bu, yaşadığımız hər günün, hər sözdə və hər hərəkətdə qorunmalı olan bir dəyərdir. Əks halda, cəmiyyətimiz söyüşün, təhqirin və zorakılığın içində batacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.