Mədəniyyət Nazirliyi: Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb Featured

 

Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Həmçinin qeyd olunur ki, yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.

Nazirlik qeyd edir ki, bu vəzifələrin funksiyaları kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.