Ən böyük azərbaycanlılardan biri - Firidun bəy Köçərli Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi tarixə bələd olunca, Firidun bəy Köçərli zirvəsi bizlərə daha aydın, dumansız, çiskinsiz görünür və biz, xalqı üçün ömrünü zərrə-zərrə əridən, bu qədər işıqlı, bu qədər humanist, alicənab, bilikli, gözəl insanı qırmızı Stalin terroruna necə amansızlıqla qurban verməyimizdən dolayı vicdan əzabı çəkirik.

Heyif səndən, Firudin bəy!

 

“Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz” (Firidun bəy Köçərli).

 

“Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi” (Məhəmməd Əmin Rəsulzadə).   

 

Bu gün bu dahi şəxsiyyətin anadan olduğu gündür, 154-cü ildönümüdür.

Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlib.

Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparıb. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayıb. 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alıb.

1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilib.

 

1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərib. 1895-ci ildə isə İrəvan şəhərini tərk edib. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirib.

1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərib, təkliflər irəli sürüb.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunub.

17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayıb. Sonradan Köçərli Qazaxda ilk uşaq evi açıb. 1918-ci il 28 may tarixində o, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilib və İstiqlal bəyannaməsini imzalayıb.

1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edib. 1886-cı ildə ilk teatr tamaşasını qoyub. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub.

1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində 1892-ci ildə isə A. S. Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxıb. M. Y. Lermontovun "Üç xurma ağacı" və A. Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib.

"Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunub. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunub. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F. Köçərlinin kitabları da daxil edilib.

1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilib. Elə həmin ildə M. F. Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirib. 1904-cü ildə A. P. Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirib.

 

Firidun bəy Köçərliyə məxsus fikirlər:

- Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır.

- Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur.

- Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.

1920-ci il aprelin 28-də Bolşevik-sovet-rus imperiyası Azərbaycanı işğal etdi, Cumhuriyyətimiz devrildi. Yeni sovet hakimiyyəti dövründə bir çox milli ziyalılar “köhnə rejimin nümayəndəsi” kimi təqib edilirdi. Eləcə də Firudin bəy Köçərli Gəncədə bolşeviklər tərəfindən həbs olundu heç bir məhkəmə hökmü olmadan 1920-ci ilin yayında güllələndi. Onun öldürülməsi Azərbaycan maarifinə və milli düşüncəsinə ağır zərbə oldu. Tarixi qaynaqlar göstərir ki, sovetlərdə yer almış erməni millətçiləri tərəfindən həyata keçirilən bu qətl hadisəsi Azərbaycanın sovetlərdəki ən vəzifəli şəxsi olan, Köçərlini daim müdafiə edən Nəriman Nərimanovu bərk sarsıdıbdır, o, Köçərlinin güllələnməsinə fərman vermiş erməni məmuru öz əlləri ilə güllələmişdir.

Bax belə bir tarixçə.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.