Bayram sevinci, yoxsa gizli təhlükə? Fişənglər yenə küçələrdə Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bayramlar yaxınlaşdıqca pirotexniki vasitələrin – fişənglərin, səsli effekt yaradan məhsulların və digər partlayıcı vasitələrin istifadəsi yenidən gündəmin ön sıralarına çıxır. Hər il gömrük və hüquq-mühafizə orqanları bu məhsulların ölkəyə qanunsuz yollarla gətirilməsinin qarşısını almaq üçün müxtəlif əməliyyatlar həyata keçirsə də, real mənzərə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

 

Paytaxtın və regionların küçələrində, xırda ticarət obyektlərində, hətta onlayn satış platformalarında pirotexniki vasitələrə çıxışın asanlığı təhlükənin miqyasını daha da genişləndirir. Qanunvericiliklə istifadəsi məhdudlaşdırılan bu məhsulların xüsusilə yeniyetmələr arasında “əyləncə” kimi qəbul edilməsi isə hər bayram ərəfəsində eyni acı mənzərənin təkrarlanmasına səbəb olur.

İllərdir dəyişməyən ən narahatedici statistika ondan ibarətdir ki, pirotexniki vasitələrin nəzarətsiz və məsuliyyətsiz istifadəsi nəticəsində xəsarətlərlə, yanğınlarla və ciddi təhlükə yaradan hadisələrlə üzləşirik. Bayram sevinci kimi təqdim edilən bu “əyləncə” bəzən saniyələr içində faciəyə çevrilir və cəmiyyət üçün ciddi təhlükə mənbəyinə dönür.

 

“Ədəbiyyat və İncəsənət” portalına açıqlamasında təhlükəsizlik eksperti İlkin Məmmədkərimov (şəkildə) bildirib ki, hər il gömrük qurumları tərəfindən pirotexniki vasitələrin gətirilməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilsə də müxtəlif yollarla ölkəmizə gətirilir:

"Təəssüflər olsun ki, bayramlarda fişənglər, partlayıcı vasitələrdən əhali istifadə edir. Hər bayramda bu cür fişənglərin əldə partlaması halları müşahidə olunur. Hesab edirəm ki, bu il də eyni mənzərə olacaq. Bir tərəfdən əməliyyatlar həyata keçirilsə də , digər tərəfdən geniş şəkildə satışa çıxarılır".

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.