Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub

 

Azərbaycan Çin Xalq Respublikasının Ciansu əyalətinin Nankin şəhərində baş tutan “Nanjing Youth Cultural Exchange Event” beynəlxalq mədəniyyət festivalında uğurla təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin və Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə festivalda iki stend qurulub, ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi geniş auditoriyaya nümayiş etdirilib. Stendlərdə milli geyim nümunələri, Azərbaycan xalçaları, çay mədəniyyəti, maarifləndirici posterlər və materiallar, tarixi abidələrimizi əks etdirən açıqcalar, Xarıbülbül və digər tematik açarlıqlar, həmçinin nar mövzulu suvenirlər sərgilənib. Ziyarətçilərə ölkəmizə dair məlumat kitabçaları, Azərbaycan bayraqları və digər xatirə hədiyyələri təqdim olunub.

Çinin Nankin Poçt və Telekommunikasiya Universitetinin biznesin idarə edilməsi (MBA) üzrə magistri, müxtəlif mədəni tədbirlərdə Azərbaycanın fəal təmsilçisi Nilgün Quluzadə və digər azərbaycanlı tələbələr festivalda Azərbaycan haqqında təqdimatlarla çıxış ediblər. Çinlilərə və digər əcnəbilərə tariximiz, mədəni irsimiz haqqında geniş məlumat veriblər.

Tədbir çərçivəsində ölkəmizlə bağlı maarifləndirici viktorinalar təşkil olunub, qaliblər mükafatlandırılıb. Yüzlərlə ziyarətçinin marağı ilə qarşılanan stendlər yerli və milli televiziya kanallarında işıqlandırılıb.

Festivalın təşkilatçıları və digər ölkələrin nümayəndələri qeyd ediblər ki, Azərbaycan stendləri tədbirin ən uğurlu və rəngarəng təqdimatları sırasında olub. Onlar gələcəkdə də ölkəmizin bu kimi layihələrdə fəal iştirak etməsini arzuladıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.