Gələcəyin yaddaşı – Laçın şəhər gününə Featured

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Dünən Laçının günü idi, bu günə aid tədbirləri, yazıları izlədim və yekun olaraq bu yazım yarandı.

 

Laçın Azərbaycanın könül və hüquq coğrafiyasından irəli çıxıb yenidən bayrağımız altına qayıdanda həyatımız rəngləndi, dünyamız işıqlandı, ruhumuz dirçəldi. Bəli, biz Laçının qurtuluşunda sadəcə torpağın azadlığını yox, bölgənin ruhi-mədəni arxitekturunun dəyişməsini yaşadıq. Şuşanın görünməmiş qəhrəmanlıqla alınması, ardınca Ağdam və Kəlbəcərin geri qaytarılması Laçını Qarabağ–Zəngəzur salnaməsinin son, amma gələcək üçün həlledici səhifəsinə çevirdi. O gündən qüvvələr balansı, təhlükəsizlik anlayışı, geopolitik cığırlar Güney Qafqazda tamam başqa məntiq üzrə yazılır.

Gəlin Laçının beş ildə yaratdığı gerçəkliklərə bir göz ataq:

Dünən “dəhliz” kimi tanınan Laçın bu gün Azərbaycan suverenliyinin kilid dağ qapısıdır. Bir vaxtlar helikopter meydançası belə olmayan Laçın bu il uluslararası hava limanına qovuşdu.

Separatizmin nəfəs yolu bağlandı, bölgədə yabançı güclərin “hakimlik meydanı” daraldı və Rusiya sülhməramsızlarının çıxışı ilə Laçın dövlət sərhədlərimizin hərbi-siyasi sütununa çevrildi.

Dirçələn kəndlər, dağlara yayılan işıq, yurduna qayıdan ailələr bu məkanı artıq cəbhə xəttindən yaşayış və inkişaf bölgəsinə çevirir.

Bəs Laçın hara doğru böyüyür? -

Bu gün Laçın bölgənin yeni təhlükəsizlik arxitekturunda strateji yüksəklikdir.

Dağların qurduğu təbii istehkam Azərbaycan üçün “sabitlik sığortası”dır – bu sığorta insan kapitalı, qala-ailələr və yetkin cəmiyyətlə möhkəmlənir.

 

Qarabağ–Zəngəzur daşımaçılıq, enerji və kommunikasiya xəritəsinin əsas qovşaqlarından biri də məhz Laçındır.

Ermənistanla mümkün barışın gerçək sınaşığı da buradan keçəcək: bir tərəfdə travmalar, o biri tərəfdə qürurlu qayıdış – bu iki yaddaşın necə uzlaşması bölgənin taleyini müəyyən edəcək.

Laçın artıq barışın tonunu müəyyən edir. - Bir zamanlar kədər susqunluğuna bürünmüş dağlar indi danışır, çiçəkləyir, kəpənək uçurdur, quş yuvasına sinə verir, ov ovlanır, Günəş salamlanır, Aya salavat çevrilir… Dağlar yolçusuna belə deyir:

“Buradan keçən yol gərginliyə yox, aydın sabaha aparmalıdır”…

Laçın bu gün Azərbaycan üçün Güney Qafqazın yeni düzənində strateji ağırlıq mərkəzidir.

Sərhədlərimizi möhkəmləndirdikcə, köçləri sürətləndirdikcə, yollar və kommunikasiya xəritələri genişləndikcə Laçının önəmi daha da artır.

Bax, elə bu səbəbdən 1 dekabr – Azərbaycanın dağlarda yazdığı yeni gələcəyin manifestidir.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

 

Əkbər QOŞALI

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.