Gənclər Kitabxanasının Fətəli xan Xoyskinin 150 illik yubileyinə töhfəsi

 

 

2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski - 150” adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron bazanın “Rəsmi sənədlər” bölməsində Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi” adlı məqaləsinin tam mətni ilə yanaşı, “Fətəli xan Xoyskinin Cümhuriyyət dönəmində ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Fətəli Xan Xoyski” başlıqları altında görkəmli ictimai xadimin çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verilir. Elektron bazada Fətəli xan Xoyskiyə həsr edilən kitab və məqalələrin siyahısı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat, “Virtual sərgi”,”Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

“İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski - 150” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.