Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
30 il öz qanında boğulan şəhərim!
Simurq kimi öz külündən yenidən
doğulan şəhərim!
Ağdam şəhərim, ağam şəhərim!
Külünə qurban, gülünə qurban!
Qurtuluş Gününə qurban, Ağdamım!
Ağdam Şəhərinin Günü –Azərbaycanın Milli Zəfərinin Xronologiyası
20 Noyabr – Ağdam şəhəri Günü, Azərbaycan xalqının qətiyyətinin, sarsılmaz iradəsinin və milli qürurunun təntənəsidir. Bu tarix, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm Vətən müharibəsinin ən mühüm siyasi-hərbi nəticələrindən biridir. Ağdamın taleyi, Azərbaycanın qədim tarixinin, faciəli işğal dövrünün və nəhayət, şanlı Zəfərinin güzgüsüdür. Lakin bu Zəfərin təməli, Vətən müharibəsində döyüşən, canından keçən igid Vətən övladlarının misilsiz fədakarlığı, Prezident cənab İlham Əliyevin Ali Baş Komandanlıq iradəsi ilə həyata keçirilən qəhrəmanlıq epopeyası ilə qoyulmuşdur. Onların xidməti əbədidir və bu gün qurulan Ağdam, məhz onların müqəddəs əmanətidir.
Ağdamın tarixi, onun etimologiyasından başlayaraq minillikləri əhatə edən zəngin bir keçmişə malikdir. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" mənasını verir. Bu, uzaq keçmişdə türkdilli qəbilələrin bu ərazidə yaşayaraq özlərini müdafiə etmək üçün məskənlər saldığını göstərir. Daha sonra, XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın ağ daşdan imarət tikdirməsi barədə əmr verməsi, bu sözə yeni, bədii məna qazandırmışdır: "günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev". Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdi.
Ağdam rayonu 1930-cu ildə yaradılmışdır və 1094 kvadrat kilometr sahəni əhatə edir. Bu torpaqlar Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazidə aparılan arxeoloji tədqiqatlar Ağdamın qədim insanların yaşayış məskənlərindən biri olduğunu sübut edir. Altı-səkkiz min il əvvəl, yəni Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) burada yaşamış qədim əhali, artıq qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd idi. Tapılan taxıl və üzüm dənələri yerli əhalinin oturaq həyat keçirdiyini və yüksək əkinçilik mədəniyyətinə malik olduğunu təsdiqləyir. Arxeoloqlar Üzərriktəpədəki tapıntılara əsaslanaraq, Ağdamı Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri və Zaqafqaziyada ən zəngin abidələri olan yer kimi dəyərləndirirlər.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə başa çatmışdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur edildi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdı.
İşğalçı Ermənistan qüvvələri Ağdamda vəhşilik törətmiş, 74 məktəbi, 271 mədəniyyət evini, bütün dünyada yeganə olan Çörək muzeyini və 99 klubu düşmən əlinə keçirərək, onları talan və məhv etmişdir. İşğaldan azad olunan Ağdam erməni vandalizminin şahidi olaraq haqlı olaraq "Qafqazın Xirosiması" adlandırılmışdır. Ermənistan coğrafi adları dəyişdirmiş, mülkiyyəti talan etmiş, əraziləri yandırmış və azərbaycanlı sakinlərə qarşı etnik təmizləmə törətmişdir.
Beynəlxalq ictimaiyyət bu təcavüzü pisləmişdir. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdir. Qətnamədə "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edilmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi də bu "hücumu qətiyyətlə pisləmiş" və "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir". Lakin Ermənistan beynəlxalq qərarlara tabe olmaqdan yayındı.
30 illik işğala son qoyan Vətən müharibəsində əldə etdiyimiz qələbə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və Vətən müharibəsində döyüşən Azərbaycanın igid oğullarının misilsiz qəhrəmanlığı nəticəsində mümkün oldu. Onların fədakarlığı, Ali Baş Komandanın ətrafında birləşməsi, sinələrini sipər etmələri sayəsində əsaslı şəkildə insan tələfatının qarşısı alınaraq , imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bu, Vətən övladlarının döyüş meydanında qazandığı Zəfərin diplomatik təzahürü idi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis edildi. Prezidentin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Bu medal, Vətən övladlarının xidmətinin dövlət tərəfindən verilən ən yüksək qiymətidir.
Şanlı Zəfərimizin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir.
Prezident cənab İlham Əliyev Ağdamın geri qaytarılmasından dərhal sonra "Böyük Qayıdış" proqramını elan etdi. O bəyan etmişdi ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Bu bəyanatın əməli addımları Ağdama edilən çoxsaylı səfərlərdə və təməlqoyma mərasimlərində öz əksini tapdı:
* 23.11.2020: Prezident İlham Əliyev Ağdam şəhərində Dövlət Bayrağını ucaltdı və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etdi.
* 28.05.2021: Bu, böyük quruculuq hərəkatının başlanğıcı idi. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının , Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimləri keçirildi. Həmçinin Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi bu gün baş tutdu. Prezident Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış oldu.
* 13.02.2022: Ağdam Sənaye Parkında iki müəssisənin və "Park Forest Hotel Ağdam" mehmanxanasının təməlqoyma mərasimi keçirildi. 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi də bu səfər zamanı baş tutdu.
* 04.10.2022: Prezident Xıdırlı, Kəngərli, və Sarıcalı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdi. Dəmir yolu və Avtovağzal Kompleksinin və "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimləri də bu səfərlər zamanı baş tutdu. Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi də bu tarixdə keçirildi.
* 24.12.2023: "AzərEnerji" ASC-nin "Ağdam" qovşaq yarımstansiyasının açılışı və Bərdə-Ağdam avtomobil yolunun açılışı baş verdi. Həmçinin, Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verildi.
* 25.04.2024: Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdama səfəri çərçivəsində Ağdam Cümə məscidi bərpadan sonra açıldı. Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi də bu səfər zamanı keçirildi.
* 10.05.2025: Ağdamın "Böyük Qayıdış" tarixində mühüm mərhələ – Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışı baş tutdu. Eyni zamanda, Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu və sakinlərlə görüşülərək evlərin açarları təqdim edildi. Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının açılışları da bu tarixdə reallaşdı.
Ağdamın gələcəyi Prezident İlham Əliyevin siyasi iradəsi ilə hazırlanmış və Nazirlər Kabinetinin Qərarı ilə 2022-ci il 16 avqust tarixində təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda öz əksini tapır. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Baş Plan əsasında Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək, burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur.
Ağdam Sənaye Parkı bu inkişafın iqtisadi mühərrikidir. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan bu park 190 hektar ərazini əhatə edir. Onun məqsədi Qarabağın sənaye potensialının reallaşdırılması və 938 nəfərin daimi işlə təmin olunmasıdır. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda 28 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda 9 müəssisə fəaliyyət göstərir.
İnfrastrukturun inkişafı çərçivəsində Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci il mayın 10-da açılmışdır. Bu kompleks gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək və vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Mədəni dirçəlişin simvolu olan Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Bu mərkəz 474 yerlik konsert zalına və 615 tamaşaçı tutumlu açıq amfiteatra malikdir. Muğam Mərkəzi gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Ağdamın bərpası işləri çərçivəsində hazırda Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir və həmin kəndlərin birinci mərhələlərinin açılışları olmuşdur. Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, yəni 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür.
18.07.2025 tarixində Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin binasının və 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışları, həmçinin Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışı baş tutmuşdur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu tikinti-quruculuq işləri, yenidən qurulan Ağdamın Vətən övladlarının igidliyi sayəsində bərpa olunan Azərbaycanın qürur mənbəyi olmasının ən aydın göstəricisidir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


