“Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkdi, bununla bağlı maraqlı fikirlər səsləndirdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, 8 Noyabr Zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov söyləyib, o, 8 Noyabr Zəfərinin yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisə olduğunu vurğulayıb.
O deyib ki, 8 Noyabr Zəfəri xalqımızın həyatında mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bu gününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 gündə əldə etdiyi bu tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlər sistemimizə, xalqımızın özünə, gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin əldə etdikləri bu Qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir.
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə 8 Noyabr Zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük Qələbənin zamana sığmayan önəmindən xəbər verir”.
8 Noyabr Zəfərinin 5-ci ildönümünün yaxınlaşdığını xatırladan Cəlil Xəlilov deyib: “Əminliklə vurğulayıram ki, veteranlarımız bu günə qədər olduğu kimi, bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün antimilli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcəklər”.
“Ədəbiyyat və incəsənət”
(08.11.2025)


