Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub

 

Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi, və konsertmeyster ixtisasına yiyələnib. Pianoçu Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov  Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində geniş fəaliyyət göstərir.

Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin, eləcə də “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini dünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.