İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tarixin səhifələrini vərəqlədik və rastımıza Xədicə Qayıbova ismi çıxdı. Ağır zamanda - 20-ci əsrin başlanğıcında musiqi mədəniyyətimizə, elmimizə töhfələr verən, repressiya qurbanı olan bu xanış barədə mütləq məlumatlanmaq lazımdır. Çünki tarix onu öyrəndikcə zənginləşir, öyrənmədikcə bəsitləşir.
Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlib. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım olub. Atası qızına mükəmməl təhsil vermək arzusunda olub. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail olub. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də alıb.
1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurub, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülüb. Xədicə xanım Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilib.
Musiqiçinin təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınları üçün musiqi-dram studiyası yaradılıb. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb.
Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir, Ü. Hacıbəyov, R. M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M. L. Presman, L. Rudolf, L. Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayıb, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayıb. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb. 1933-cü ildə Xədicə xanım həbs edilib və əks-inqilabçılıqda ittiham olunub.
Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam edib. 27 oktyabr 1938-ci ildə vəfat edib. Repressiya qurbanlarından biridir. Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilib və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilib
2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.10.2025)


