18 Oktyabr – Müstəqilliyin bərpası günüdür Featured

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Biz azadıq, biz müstəqilik, kimsə bizim İstiqlalımızı əlimizdən ala bilməz!

 

Tarixə müharibələr, inqilablar,repressiyalar,elmi nailiyyətlər, texniki tərəqqilər əsri kimi daxil olan ötən əsrin əvvəlində Çar Rusiyasında cərəyan edən hadisələr  nəticə etibarı ilə Güney Qafqazın siyasi mənzərəsini dəyişdi. Qafqaz Seyminə daxil olan Azərbaycanın “İstiqlal Bəyannaməsi”nə imza atması ilə Şərqin ilk Demokratik Cumhuriyyəti quruldu. Məhz həmin tarixi mərhələdə Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Azərbaycan xalqı “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra imperiyaların əsarətinə son qoyaraq “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!”- deyib İstiqlaliyyətini bəyan etdi.  Cəmi 23 ay fəailliyət göstərən, Tiflis, Gəncə, Bakı taleyi yaşayan Cumhuriyyət Bolşevik Rusiyasının Qırmızı terroru ilə iflasa uğrasa da, “Bir kərə yüksələn bayraq bir daha enməz!”- nidası ilə yenidən Əbədi İstiqlala qovuşacağı günə inamını itirmədi.

 

 

Milli mücahidlərin savaşı, xalqın haqq davası Müstəqilliyin bərpası ilə nəticələndi

 

1988-ci ilin Meydan hərəkatı ilə İmperiyanın üstünə yeriyən Azərbaycan xalqı 20 Yanvar dəhşətləri ilə sınağa çəkilməsinə baxmayaraq Milli Mücadilədən dönmədi.  Aparılan gərgin mübarizə nəticəsində xalq istəyinə nail oldu. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında” Bəyannamə azadlığın, Əbədi İstiqlalın  ilk rəsmi sənədi kimi tarixə düşdü.

1991-ci il oktyabrın 18-də ölkə əhalisi daha cəsarətli bir addım atdı. Həmin gün “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Beləliklə, Azərbaycan xalqı üstündən 73 il ötəndən sonra bir daha dünyaya bəyan etdi: Biz azadıq, biz müstəqilik! Biz “İstiqlal Bəyannaməsi”nə imza atan, Şərqin ilk Demokratik Cumhuriyyətini, ilk Avropa tipli Universitetini quran, qadına seçmək, seçilmək hüququnu Avropadan 70 il öncə verən Cumhuriyyət Qurucularının varisləriyik. Kimsə bizim İstiqlalımızı əlimizdən ala bilməz, kimsə bizi haqq davamızdan döndərə bilməz!

 

Milli mücahidlərin savaşı, xalqın haqq davası milli müstəqilliyin bərpası ilə nəticələndi. Qısa zaman kəsiyində ölkəmiz beynəlxalq aləmdə nüfuz sahibinə çevirildi. 1920-ci ildə Versal Sülh konfransında tanınaraq dünya dövlətləri sırasında yerini tutduqdan 71 il sonra da, Cumhuriyyət dönəmində olduğu kimi onun özgürlüyünü tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti oldu. 1991-ci ilin noyabrına təsadüf edən bu tarixi hadisədən sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və digər dövlətlər Azərbaycanın suverenliyini, müstəqiliynin  tanıdılar. 1992-ci il martın 2-də  isə üçrəngli, hilallı, ulduzlu bayrağımız BMT-nin binasında dalğalandı. Ölkəmiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrildi.

Müstəqillik asanlıqla qazanılmadığı kimi, asanlıqla da qorunmadı. Dövlətçiliyimizin ilk illəri ağır sınaqlarla baş-başa qaldı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, 30 il davam edən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qanlı müharibə, Qarabağın və Şərqi Zəngəzurun işğalı, daxili çəkişmələr, vətəndaş qarşıdurması, kədərli olsa da etiraf edək ki, səriştəsiz rəhbərlik əldə olunan tarixi nailiyyəti, müstəqilliyi təhlükə ilə üz-üzə qoydu.

 

 

Liderin dərin zəkası, iradəsi, dövlət idarəçilik təcrübəsi ölkəni iflasdan səfalətdən xilas etdi

 

1985-ci ildən, Qarbaçovun Azərbaycana qarşı təcavüzkar mövqeyindən, Qərbi Azərbaycanın bütövlüklə boşaldılmasından, Dağlıq Qarabağda münaqişə ocağının körüklənməsindən, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən  istefa verən, 20 Yanvar dəhşətlərindən sonra Kommunist Partiyasından imtina edən Ulu Öndər Heydər Əliyev Vətənin xilası üçün doğma yurduna  döndü.

Siyasi fəaliyyətinin  Naxçıvan mərhələsindən sonra tarix yenidən öz xilaskarını səhnəyə çıxardı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə Qayıdışı Azərbaycanın, Azərbaycan xalqının taleyini dəyişdi. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan dövlət, milli genefondu tükənmək üzrə olan məmləkət məhz onun, o,  qüdrətli Liderin dərin zəkası, iradəsi, dövlət idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində iflasdan, səfalətdən, vətəndaş müharibəsindən, qardaş qırğınından  xilas oldu. Ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün, Ermənistanla Azərbaycan arasında“Atəşkəs müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” ilə  iqtisadi islahatlar başlanıldı. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” kəlamı müstəqil Azərbaycanın inkişaf strategiyasının təməl prinsipinə çevrildi. “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” nidası ilə ölkənin kompleks inkişafına nail olan Ulu Öndər Tarixi Zəfərin konturlarını müəyyənləşdirməklə kifayətlənmədi. Azərbaycan xalqının taleyini daha etibarlı əllərə, özü qədər inandığı Liderə- Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə etibar etdiyini dilə gətirdi. Ulu Öndərin mənəvi və siyasi varisi olaraq ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirən, qüdrətli ordusu, əzəmətli ölkəsi, əyilməz iradəsi, dönməz xarakteri ilə tarixi qərarlar alan prezident İlham Əliyev Müstəqil Azərbaycan Respublikasından, Şərqin ilk Demokratik Cumhuriyyətinə daha etibarlı bir  körpü saldı . “15 oktyabr 2021-ci il tarixli qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olundu.

 Bu qərar Azərbaycan dövlətinin iki mərhələli, lakin eyni amal uğrunda istiqlal və suverenlik yolunda mübarizə əzmini özündə ehtiva etdi. Bu gün Azərbaycanın suverenliyi yalnız tarix kitablarında yazılmır. Tikilən, qurulan Vətən torpağının hər bir guşəsində Əbədi İstiqlalın havası duyulur.

 

 

 

  “Yaşa, yaşa, çox yaşa Azərbaycan!”

 

“İstiqlal Bəyannaməsi” ilə mənsub olduğu millətin qüdrətini, əzəmətini, hürriyyət, istiqlaliyyət sevdasını dünyaya bəyan edən, yoxdan bir Bayraq yapıb, Dövlət quran, “Yaşa, yaşa, çox yaşa Azərbaycan!” nidası ilə repressiyanın, mühacirətin burulğanında əriyən 44 Mücahidin varisləri 1991-ci ildə qürurla Müstəqillik Aktına imza atıb, Leninin, Kirovun, Marksın, Engelsin, Şaumyanın, “26-lar”ın abidələrini söküb yerində Əbədi Məşəl Kompleksini qurdu. Şəhidlər Xiyabanını saldı, Lenin meydanını Azadlıq meydanına çevirdi. 44 günlük Vətən Müharibəsində, haqq davasında isə dünyaya sübut etdi ki, o, ölümü gözə alıb: “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!” nidası ilə Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyəti quran liderlərin çatdığı İstiqlal Məşəlini kimsə söndürə bilməz! Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əli Əsgər bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Məmmədhəsən Hacınski kimi tarixi şəxsiyyətlərin, “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə siyasi hakimiyyətinin hər iki mərhələsini mənsub olduğu millətin Əbədi İstiqlal sevdasının, özgürlük, hürriyyət, istiqlaliyyət adlı haqq davasının tərcümanı, Ulu Öndər Heydər Əliyevin ruhunun davamı olan millət yenidən qılınca söykəndi. “Kimsənin bir qarış torpağında gözümüz yoxdur. Kimsəyə də bir qarış torpaq vermərik. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq. Qarabağ Azərbaycandır!” həqiqəti ilə taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin, Odlar Yurdu Azərbaycanın qisasını qiyamətə qoymayan, mənsub olduğu milləti, məmləkəti Xudafərin körpüsündə, Şuşa qalasında bayrağa döndərən, Liderinə arxalanan millət Lider-Xalq birliyinin nümunəsi kimi zülmətləri yardı, Şuşa qalasına ruh bədənə girən kimi girdi. 30 illik işğala, intizara son qoydu.

“Ümid körpüsü”nü qurmaqla “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə uzanan yolu göstərən Ulu Öndərin Varisi müstəqilliyin yenicə əldə olunduğu ərəfədə ABŞ-nin təhdid dolu “907-ci düzəlişi”nin üstündən xətt çəkdirməklə, “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atmaqla müstəqillikdən böyük sərvətin olmadığını dünyaya nümayiş etdirdi. Azərbaycanı  Türküstandan Çin səddinə, Doğudan Batıya uzanan yolun körpüsünə çevirməklə, tarixi İpək Yolunun bərpasına nail olan, Zəngəzur dəhlizi ilə “Şərqin, Türkün qapısı” adlandırılan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qolundan buxovu açıb zənciri qopardı. Cıdır düzündəki tarixi çıxışı, “Əgər kimsə revanşist addımlar atmaq istəyirsə, Biz buradayıq! Dəmir Yumruq da yerində!” nidası ilə daşnaqlara yerini göstərdi.

Yer üzünün, insanın, insanlığın nicatının sülhdə, sabitlikdə, əmin-amanlıqda, tolerantlıqda, hörmət, məhəbbət, mərhəmət dolu duyğularda, birlikdə, bütövlükdə olduğunu dünyaya sübut edən, Lider – Varis dastanı ilə tarix yaradan, 44 fədainin – Cumhuriyyət Qurucusunun, “Biz o torpaqlara qayıdacağıq, mütləq qayıdacağıq!” inamı ilə Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin yarımçıq arzularını gerçəyə çevirən, “İstiqlal Bəyənnaməsi”nə, Müstəqillik Aktına imza atan mücahidlərin şərəfinə dünyanın ən əzəmətli Bayraq Meydanını quran, Sərkərdə-xaqan ucalığı ilə kürsüləri fəth edən, “Konstitutsiya və suverenlik ili” ilə bağlı imzaladığı sərəncamla müqəddəs ruhları şad edən, “Mən xoşbəxt adamam ki, ata vəsiyyətinə əməl etdim!” nidası ilə  General atasının hüzurunda Müzəffər Ali Baş Komandan kimihesabat verən,   Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin varisi olduğunu təsdiq etdi.

 

 

Millət, məmləkət də insan kimidir, Yaddaşı ilə yaşayır

 

18 oktyabr Milli Müstəqilliyin Bərpası günüdür! O sadəcə bir tarix deyil. Onun əzəmətini dəryalar mürəkkəb, meşələr qələm olsa  belə, yazıb qurtara bilməz. Onda dərisi soyulan zaman əbədiyyət üfüqlərində doğan günəş kimi rəngi saralan Seyid İmadəddin Nəsiminin, qolları budananda “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir” deyən Babək Xürrəminin, “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var”, “Yaşa, yaşa, çox yaşa Azərbaycan” heyrətilə ölümün,  repressiyanın, mühacirətin ağuşuna atılan Cümhuriyyət Qurucularının, “Azərbaycan, mənim baxtsız anam oy!”, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” harayı ilə qələm çalan Almas İldırımın, Əhməd Cavadın, “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!” nidası ilə Savalanın ətəyində, Ərk qalasında qılınc sıyıran Şeyx Məhəmməd Xiyabaninin, Səttarxanın, Pişəvərinin harayı var!

Millət, məmləkət də insan kimidir. Yaddaşı ilə yaşayır. Nə yaxşı ki, Odlar Yurdu Azərbaycan adında qüdrətli bir diyar, ölkə, məmləkət var! Nə yaxşı ki, onun yolunda hər an savaşa, mücadiləyə hazır olan millət var! Və nə yaxşı ki, o qüdrətli millətin, məmləkətin iradəsinin tərcümanı olan Prezident İlham Əliyev adlı müstəqilliyin qarantı, Birliyin, Bütövlüyün, Tarixi Zəfərin rəmzi, simvolu olan bir Lider – Sərkərdə-xaqan var! Kimliyindən asılı olmayaraq millət, məmləkət Liderinə, Lider də qopub gəldiyi müqəddəsliyə bağlıdır.

Hürriyətdən gözəl nemət, İstiqlaliyyətdən qiymətli sərvət, Müstəqillikdən – Özgürlükdən şirin səadət yoxdur! Onu bizə ərməğan edənlərin, tutiya bilib gələcəyə ötürənlərin ruhu şad, keşiyində duranların məqamı uca olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.