Böyük tarixi romançı – YUSİF VƏZİR Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatımızı tarixi romanlarl zənginləşdirən bu yazıçının adları çoxlarınıza tanışdır. O vaxt Xalq yazıçı adı-filan yox idi. Çarizm dövrüydü. Sonra bolşevizm gəldi. Bolçeviklər də ad vermirdi, intəhası, böyük repressiyaya rəvac verdilər.

 

Yazıçı Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Yusif Vəzir ilk əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyub. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olub. Ona türk və fars dillərini öyrədib. Yusifin atası onun rusca öyrənməsini də istəyib. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olub. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdıb və imtahan verib Şuşa realnı məktəbinə daxil olub. O zaman Şuşa realnı məktəbə tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.

Qardaşı Əbülhəsən 21 yaşında vəfat edib. Onun yaratdığı zəngin kitabxana Yusifə verilib. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanıb. Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazıb. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərib. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görüb. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlib.

Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı, əl ilə yazılan yumoristik və karikaturalı aylıq jurnal çıxarıblar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edib.

Yusif Vəzirin atası 1906-cı il fevral ayının 20-də vəfat edib. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalıb. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedib. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedib. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirib. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərib.

Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyub. Ailə köməksiz qalır. Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edib. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin adlı kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapan Həsənxan, Nifti və Fərəc qardaşlarından başqa heç bir qohumları onlara kömək etməyib. Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə alıbmiş.

Yusif sağaldıqdan sonra anasına deyib ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gələn sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlib. Şuşada yaranan erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalıblar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olub. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olub.

Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazıb. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunub.

Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edib. Onlar Aşqabada köçməli olublar. 1907-ci ilin yayında Yusif Vəzirov Aşqabada anasına baş çəkməyə getdiyi zaman orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olub. Bertanın "Əli və Nino" romanındakı Ninonun prototipi olduğu ehtimal edilə bilər. Əslində, gündəliklərinə əsasən demək olar ki, romandakı tarixi hadisələrin bir çoxu Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu dövrə təsadüf edib.

Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib, sənədlərini Mülki Mühəndislər institutuna verib.  Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alıb.  Orada qaldığı vaxtdan istifadə edib məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edib. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdıb. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayıb. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyub və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanıb.

 

Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olub. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanıb. Nəticədə "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları meydana çıxıb. 1915-ci ildə Birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirib. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunub. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedib. Orada "Zemstvo" təşkilatına daxil olub cəbhəyə gedib.

 

Əsərləri

1. İki od arasında (Qan içində)

2. Qızlar bulağı

3. Studentlər (roman)

4. Biz kimik və istədiyimiz nədir

5. Soyuq öpüş

6. Bir cavanın dəftəri

7. Həzrəti-Şəhriyar

8. Gündəliklər

9. Fokusnik

10. Qanlı göz yaşları

 

Sonra Sovet dövründə həbslər və təqiblər yaşayan, bütün ömrü kəşməkeşli keçən ədib 3 yanvar 1943-cü ildə Semyonov rayonunda – dustaqlıqda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.