Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb Featured

 

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq festival bu dəfə də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.

 

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, ədəbi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

 

Sentyabrın 24-də isə festival Şamaxıda davam edəcək. İlk dəfə Nəsimi Bağları Kompleksində keçiriləcək festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunacaq. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidisipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim ediləcək.

 

Festival iştirakçıları, həmçinin Nəsimi Bağları Kompleksi ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli ilə tanış ola biləcək.

 

2018-ci ildən ənənəvi təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.