İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artist Qurban Pirimovu bu 29 avqust günündə anırıq. Axı bu gün onun anım günüdür.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.
XIX əsrin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirib. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.
Dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət edib. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib
1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.
Filmoqrafiya
1. Neft və milyonlar səltənətində
2. Bakılılar
3. Üzeyir ömrü
4. Qızıl fonddan seçmələr
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanıbmış. Görkəmli musiqişünas Şuşinski xatirələrində onu belə yad edirdi:
"Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər”.
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)