Həm çarizmin, həm Stalin repressiyasının məhbusu olmuş Əli Abbas Müznibin anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulub. İbtidai təhsilini mədrəsədə alıb, ərəb-fars dillərini mükəmməl öyrənib. "Zənbur", "Səhabi saqib", "Babayi-Əmir" və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınıb. "Yusif və Züleyxa", "Tikan kolu", "Nəsrəddin məzhəkələri", "Aşıq Pəri və müasirləri" və s. kitabların müəllifi olub. 

 

Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra (tarixə Qanlı bazar günü kimi düşüb-red.) gəlib və iti qələm, üsyankar ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplayıb. O, ilk əvvəl, mollaxanada təhsil alıb, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam edib. Fars və rus dillərini, Türk tarixinə və İslam mədəniyyətinə dair geniş məlumatlarını şəxsi mütaliə yolu ilə əldə edib və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən biri kimi tanınıb.

İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzet nəşr etdirib, həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda ikən müsadirə olunub. Buna səbəb Müznibin "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olub.

Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazıb: "Namusu qatı, garet etməklə qazanmaq olmaz, bəlkə hüquqi-vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek olmuştur … geyretli cavanlarımız; namuslu olmadığınız biri birinizi öldürməklə olmaz, o binamusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler”.

“Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" dərgisinin də aqibəti eyni olar. 1911-də  Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunub və günahlandırılıb. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilib.

Sovet rejimi dövründə şair azad edilib, bir müddət - 1920–1926-cı illərdə yenə mətbuatda çalışıb. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılıb və nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilib. Türkçü və milliyyətçi olduğu iddia edildiyi üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalıb.

20 ilini mətbuatda çalışan Müznib 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılıb, siyasətdən tam uzaqlaşıb və ədəbiyyat araşdırmaçılığı ilə məşğul olub. 1927–1937-ci illərdə XIX–XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab yayımlayıb. Bütün bu əsərləri özü yığıb, onlara geniş ön söz, bioqrafiya və şərhlər əlavə edib.

1937-ci ildə yenidən həbs olunan Müznib milliyyətçiliklə və pantürkizmdə ittiham edilib və ölüm cəzasına məhkum edilib. Son zamanlarda ortaya çıxan sənədlər Əli Abbas Müznibin 27 avqust 1937-ci ildə güllələndiyini açıqlayır.

1956-da dövlət tərəfindən təqsirsizliyi etiraf edilib, ölümündən sonra bəraət alan Müznibin əsərləri, hələ ki, toplanıb nəşr olunmayıb, yaradıcılığı tədqiq edilməyib. Kimi gözləyirik, bilən də yoxdur.

Ünlü şəxsiyyət 1938-ci ildə Bakıda vəfat edib.

 

Əsərləri 

1. Uşaqlara ibrət

2. Hürriyyəti-bəşəriyyə 

3. Əməl çiçəyi

4. Çəkməsilən

5. Dərvişi-Kəhkəşan

6. İstər ağla, istər gül

7. Ürək yanğısı 

 

Tərcümələri 

1. Molla Nəsrəddin məzhəkəsi

2. Əlifleyla

3. Muxtarnamə

4. İsfahanlı Hacıbabanın sahineyi-həyatı

5. Əmir Əbdürrəhman xan. Əfqan tarixi

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyqt və incəsənət”

(28.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.