“The Jerusalem Post” Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton görüşündən və Zəngəzur dəhlizindən yazıb Featured

 

İsrailin məşhur və nüfuzlu “The Jerusalem Post” jurnalında “Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” adlı məqalə dərc olunub. Məqalənin müəllifi İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik leytanantı, Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedardır.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Ermənistan və Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” sərlövhəli məqalədə TRIPP yolu sayəsində ABŞ-nin bölgədə geosiyasi tarazlığı dəyişə biləcək xüsusi nəqliyyat dəhlizinin inkişafı üçün 99 illik hüquq əldə etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, TRIPP Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirən Zəngəzur dəhlizinin 32-43 km-lik hissəsini əhatə edir. Multimodal infrastruktur, o cümlədən dəmir yolu xətləri, neft və qaz kəmərləri, fiber-optik kabellər və yolları özündə birləşdirəcək TRIPP Rusiya və İranın təsirini balanslaşdıraraq Cənubi Qafqaza bir növ strateji dayağı təmin edir.

 

Məqalədə həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupunun buraxılması ABŞ-nin vasitəçilik və infrastruktur siyasətində yeni rolunu vurğulayır və Amerika diplomatları sazişi regional sabitlik amili və iqtisadi artımın katalizatoru kimi görürlər.

Yazıda İranın öz sərhədləri yaxınlığında ABŞ və ya NATO-nun potensial mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək layihəyə qarşı çıxdığına diqqət çəkilib və bir sıra başqa vacib məqamlar diqqət mərkəzinə gətirilib.

 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-864369#google_vignette

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.