İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
1941-ci ilin 23 avqustunda dəmir barmaqlıqlı həbsxana daha bir can aldı. Cəmi 35 il ömür sürən, bütün həyatını xalqının elm və maarif sahəsində xidmətində duran, bununla belə, amansız və qəddar sovet diktaturasına qurban gedən Əli Nazim işıqlı dünyaya əlvida dedi.
Bu gün onu vəfatının növbəti ildönümündə anacağıq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da alıb, farsca yazıb oxumağı öyrənib. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənib. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Nazim də komitənin işində fəal iştirak edib. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirib.
Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. Bəli, Nizami Gəncəvini tədqiq edən həmin o məşhur Bertelsin.
O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirib və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərib. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" qəzetləri səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxıb. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləyib.
1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib. Həmin il o, kommunist partiyası sıralarına daxil olub.
30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirib. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb.
O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərib. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olub. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirib.
İlk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edir. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi olub. Ə. Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olub. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunan "Ədəbi ehtiyaclarımız", "Yeni həyat və yeni ədəbiyyat", "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirib.
Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olub. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunub.
Kitabları
1. Aydın
2. İblis
3. Lahuti
4. Şair qız
5. Ömər Xəyyam
6. Simurqun yaradıcılıq yolu
7. Cəfər Cabbarlı
8. Sabir Tahirzadə
9. Yeni həyat və yeni ədəbiyyat
10. Əbdürrəhim Haqverdiyev
1937-ci ildə SSRİ-də həyata keçirilən Stalin repressiyası nə qədər kommunist ideologiyasına sədaqətli görünsə belə Əli Nazimdən də yan keçməyib. Əvvəlki illərdə Türkiyə ilə əlaqəli hər kəsi həbs edirdilər, onu da həyatının Türkiyədəki ezamiyyət dönəminə görə həbs ediblər, 10 il müddətinə məhkumluq veriblər. Amma səhhəti ağır həbsxana rejiminə cəmi 4 il tab gətirib.
Əli Nazim 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib.
Sonradan İosif Stalin cəhənnəmə vasil olandan sonra bir çox aydınımız, o cümlədən də Əli Nazim 1957-ci ildə bəraət alıblar. Anca çi fayda. Ömür ki daha gedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)