Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dalbadal, 16 günün içində ədəbiyyatımızın üç korifeyini dalbadal itirdik – Elçin Əfəndiyevi, Vidadi Babanlını və budur, az əvvəl də Məmməd İsmayılı.
Məmməd İsmayıl yaxşı şair olduğu kimi, həm də yaxşı kişilərdən biri idi. Zamanında xeyli gənc istedadların üzə çıxmasında, araya-ərsəyə gəlməsində danılmaz zəhməti olub. Azərbaycan poeziyasına gözəl nümunələr bəxş edib. Xidməti yüksək səviyyədə dəyərləndirilməsə də xalq arasında sevilib, rəğbət qazanıb...
İndicə qarşıma şair dostum Ehtiram Ilhamın Məmməd İsmayılın vəfatından il yarım öncə, 2024-cü ildə "Kulis. Az" xəbər portalına verdiyi bir açıqlama çıxdı. O vaxt Ehtiram bəy söyləmişdi: "Məmməd İsmayılın vəziyyəti heç də ürəkaçan deyil. Görkəmli şairimizin bu halda olması, ömrünün bu çağında ona qarşı laqeyd münasibət heç birimizə başucalığı gətirməz. İnanın, Məmməd İsmayıl heç vaxt giley-güzarını dilə gətirməyib. İndi də dişini dilinə sıxıb ağrılarla mübarizə aparır. Amma onun bu vəziyyətinə biganəlik mənim kimi neçə-neçə qələm adamını məyus edir. Açıq deyim, əlimizdən də nəsə gəlmir. Gözümüz görə-görə Məmməd İsmayılın iztirablar içində sonunu gözləməsi faciədi. Ağrılara dözümü qalmayıb."
Sonra o, Məmməd İsmayılın xidmətlərini sadalayaraq bir sıra aidiyyatı təşkilatları xeyirxahlığa, şairə xəstəliklə mübarizədə yardımçı olmağa çağırırdı:
“Məmməd İsmayıl təsadüfi şəxsiyyət deyil. Hər şeydən əvvəl o, Azərbaycanın sevimli şairidir. 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" komitəsinin sədri vəzifələrində çalışıb. Bədii yaradıcılıqla yanaşı, Məmməd İsmayıl uzun illər Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub, professor dərəcəsinə qədər yüksəlib."
Amma nə yaxşı ki, Məmməd İsmayıl xeyli yaşaya bildi. 86 yaşının tamam olmasına üç ay qalmış bu dünyaya əlvida dedi. Burada yadıma BDU-nun jurnalistika fakültəsinin professoru hörmətli Allahverdi Məmmədlinin aforizmə bənzəyən kəlmələri düşür: "Qocalıqdan yaranan xəstəliyə əlac olmur..."
Allah xalqın şairi- Məmməd İsmayıla rəhmət eləsin!
"Ömür səksəni keçəli
Təklənib təklik olmuşam.
Nə təbib var, nə də dərman;
Ayaqlarım tutulalı
Yorğan-döşəklik olmuşam..."
“Ədəbiyyat və incəsənət”
(19.08.2025)