Bu gün Azərbaycanın ilk qadın Xalq şairinin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib, lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb.  O, Azərbaycanın ilk qadın Xalq şairidir və bu gün onun doğum günüdür.

 

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub.

 APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.

Şairənin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olub. "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Onun əsəslərinin ana xətlərindən biri məhz şərq qadının taleyi ilə bağlı olub.

Mirvarid Dilbazi əmək adamlarını, onların həaytını təsvir edən şeirlərinə örnək olaraq "Xəzər üstə şəhərim var", "Abşeronda gün doğanda", "Günəş kimi", "Çiçəklər şəhəri", "Qoçağım Zeynəb" və s. göstərmək olar. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemalarının müəllifidir.

Şairin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M. Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb. İkinci Dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olub. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçib.

 

Kitabları

"Müharibəyə qədər işıq üzü görən kitabları"

Bizim səsimiz

İlk bahar

 

"Müharibə mövzusuna həsr olunmuş kitabları"

1. Döyüş mahnıları

2. Kamal

3. Ağarzayev

4. Neft

5. Vətən eşqi

6. Qoçaq ataların qoçaq övladlarına

7. Xatirələr

 

"Sonrakı dövrlərdə çap olunan kitabları"

- Sənətkarın xəyalı

- "Seçilmiş şerlər"

- Məhəbbət bizimlə qoşa doğulur

- Şerlər

- Xatirələr olan yerdə

- Həyat lövhələri

- Bənövşələr üşüyəndə

- Ana qanadı (şeirlər, poemalar və hekayələr)

 

"Uşaqlar üçün yazdığı kitablar"

1. Nağıllar

2. Şerlər

3. Kiçik dostlarıma

4. Gülbahar

5. Yaz gəlir (Bahar nəğmələri)

6. Lalənin ağacları

 

Azərbaycanlı şairə və tərcüməçi Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.